13:43 08-05-2015
news_image
480
DİGƏR NÖVLƏR

“Həkimlərə yaxın getməyim də bu səbəbdən idi”

“Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turunun bu gün baş tutan III mərhələsindən sonra mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qədər davam edən mərhələnin qalibləri fikirlərini açıqlayıblar.

 

177,2 km məsafəni hamıdan öndə başa vuran Coşua Edmonson (“An Post-Çainreaksion”, İrlandiya) qələbəsinin sirrini açıqlayıb: “Öndəki qrup çox qabaqda idi. “Adria-Mobil” liderliyi ələ almağa çalışırdı. Sonra gördüm ki, liderlər qrupu yorulub. Finişə 4 km qalmış irəli atıldım. Bu zaman da taktikam özünü doğrultdu. Bir az hərarətim var idi. Həkimlərə yaxın getməyim də bu səbəbdən idi. Onlardan dərman istədim. Bu gün hardasa bəxtim də gətirdi. Çünki hücumumu heç kim gözləmirdi. Bu səbəbdən də mərhələni uğurla bitirdim”.

 

Mərhələni 2-ci yerdə bitirən Marko Kump (“Adria-Mobil”, Sloveniya) sevincini gizlətməyib: “İkinci dəfə mükafatçılar arasına düşdüyüm üçün çox sevinirəm. Əvvəlki 2 mərhələ ilə müqayisədə bu gün daha çətin məsafəni qət etdik. Bu isə velosipedçilərə əlavə çətinlik verdi”.

 

Yarışın dağ mərhələsinin ən yaxşısı adını qazanan Azərbaycan və “Sinergy Baku”nun velosipedçisi Aleksandr Surutkoviç də istəyinə çatdıqlarını qeyd edib: “Ötən gün iki məsafəli finişi qazandıq. Bu gün isə fərqi azaltmaq lazım idi. Bu da sonda alındı”.

 

Ümumi hesabda liderliyini qoruyan Primoş Roqliç (“Adria Mobil”, Sloveniya) vəzifənin öhdəsindən gəldiyini bildirib: “Komandamızın məqsədi lider köynəyini qorumaq idi. Bunun üçün də onlar mənə çox kömək etdi. Nəticədə bunu bacardıq. Hədəfimiz liderliyi sonadək qorumaqdı”.