14:07 09-05-2015
news_image
358
DİGƏR NÖVLƏR

“Son məsafəni gözləyirdim”

“Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turunun bu gün keçirilən 4-cü mərhələsindən sonra fərqlənən idmançıların iştirakı ilə mətbuat konfransı baş tutub. Apasport.az saytının məlumatına görə, Qəbələdən start götürüb Ağdaş və Yevlaxı keçməklə, Mingəçevirə yollanan peletonun önündə qərarlaşanlar mərhələ haqda fikirlərini açıqlayıb.

 

Finiş xəttinə 1-ci çatan Daniel Turek (“Cycling Academy Team”, İsrail) qalib olduğuna sevindiyini gizlətməyib: “Mən dünən də qalib gəlmək istəyirdim. İki aralıq məsafəsində 1-ci oldum.  Lakin finişə 24 km qalmış mərhələnin sürətinə dözə bilmədim və 1-ci olmağı bacarmadım. Çox darıxdırıcı idi və son məsafəni gözləyirdim. Bu dəfə sona 1 km qalmış öz şansımı gördüm. 700 m qalmış isə irəli atılaraq, qalib oldum. Məni dəstəkləyib, qalib edən komanda yoldaşlarıma təşəkkür edirəm”.

 

Qırmızı köynəyi daşıyan Aleksandr Surutkovich (“Synergy Baku”, Azərbaycan) mərhələ haqda fikirlərini açıqlayıb: “Bu gün xallar qazanılmayıb. Sabah 3 məsafə olacaq. Çalışıb xallar qazanaraq qırmızı köynəyi qorumalıyıq. Yarışdakı dəyişiklikləri bəyəndim. Həmişə 4-cü mərhələ dağda olurdu. Bu dəfə fərqli oldu. Mənim də bundan xoşum gəldi”.

 

Yaşıl köynəyin sahibi Marko Kump (“Adria Mobil”, Sloveniya) əsas vəzifənin öhdəsindən gəldiklərini qeyd edib: “Bu gün bir neçə xal qazandım. Ümumi hesabda 5-ci olmaqla da xal ehtiyatımı artırdım. Bu mərhələdə əsas məqsəd liderlik köynəyini qorumaq idi. Komanda yoldaşım 3 mərhələdir göy köynəyi əldən vermir. Bizim üçün sabahkı mərhələ xüsusi əhəmiyyət kəsb edir. Bu gün isə məqsədimiz yarışın qalibi olmaq deyil, liderliyi qorumaq idi”.

 

Frantişek Sisr (“Dukla”) bənövşəyi köynəyi qorumasına şad olduğunu bildirib: “Finişə 60 km qalmış komandamız peletondan uzaqlaşmağa çalışdı. Komandam istəyirdi ki, köynəyimiz qoruyum və ümumi hesabda da mövqeyimi yaxşılaşdırım. Gənc olsam da ümumi hesabda 11-ciyəm”.

 

Yarışın lideri Primoş Roqliç (“Adria Mobil”, Sloveniya) isə göy köynəyi qorumasına münasibət bildirib: “İzləyicilərimlə vaxt fərqinə hələ baxmamışam. Bu üzdən hələ üstünlüyümün nə qədər olduğunu bilmirəm. Sabah keçiriləcək son mərhələdə liderliyimizi qorumağa çalışacam”.