15:41 10-05-2015
news_image
473
DİGƏR NÖVLƏR

“Qarşıda bizi Avropa Oyunları gözləyir və burada da yaxşı nəticə qazanmağa çalışacağıq”

“Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turunun bu gün keçirilən 5-ci mərhələsindən sonra fərqlənən idmançıların iştirakı ilə mətbuat konfransı baş tutub. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutan və Azadlıq Meydanından start götürüb, eyni nöqtədə finişə çatan peletonun önündə qərarlaşanlar mərhələ haqda fikirlərini açıqlayıb.

 

Son yarış gününü qalib kimi başa vuran Sergey Firsanov (“RusVelo”, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün şad olduğunu bildirib. Onun sözlərinə görə, mübarizənin gərgin keçməsinə baxmayaraq, vacib qələbə qazanıb: “Çox çətin mərhələ idi. İkinci mərhələdə lazımı xallar itirsəm də, qalib olduğum üçün şadam”.

 

“Tour d’Azerbaidjan-2015”in ümumi təsnifat mərhələsinin qalibi Primoş Roqliç qələbəsini komandasına həsr edib. O, təmsil etdiyi “Adria Mobil”in (Sloveniya) 50 illik yubileyi ərəfəsində hamını qabaqladığı üçün komanda yoldaşlarına da təşəkkür edib: “Bu, mənim deyil, komandamın qələbəsidi. Bu il “Adria Mobil”in 50 illik yubileyini keçiririk və “Tour d’Azerbaidjan-2015”də qalib gəlməyim komandam üçün böyük hədiyyə oldu. Sevinirəm ki, komanda yoldaşlarım yenə məni yaxşı qorudu və lazimi qələbə qazandıq”.

 

Yarışın ən yaxşı sprinteri adını qazanan və son 3 mərhələdə yaşıl köynəyi qoruyan Marko Kump təmsil etdiyi “Adria Mobil”in bəzi sirrlərini açıqlayıb: “İkinci mərhələdə Primoş Roqliç qalib gəldikdən sonra komandamızın taktikası dəyişdi. Əsas məqsədimiz onu birinci etmək idi. Buna baxmayaraq, mən də xallar qazanmağa davam etdim və yaşıl köynəyi qazanaraq, özümlə aparıram. Sonuncu mərhələnin Bakı-2015-in şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrutu təşkil etməsinə gəlincə, bunu sırf sprinterlər üçün uyğun mərhələ hesab edirəm. Düzdü, eniş və yoxuş da vardı. Külək bir qədər təsir etsə də, digərləri kimi maraqlı mərhələ olduğunu vurğulamalıyam”.

 

“Synergy Baku”nun aparıcı velosipedçilərindən Aleksandr Surutkoviç “Dağ kralı” olduğu üçün sevincini gizlətməyib. Təmsilçimiz vurğulayıb ki, o dağ velosipedçisi olmasa da, qalib gəldiyi üçün sevinclidi: “Mən dağ velosipedçisi deyiləm. Lakin qızmızı köynəyə sahib olduğum üçün çox şadam. Son mərhələdə küləklə də mübarizə apardım. Komanda yoldaşlarımın dəstəyi lazımı mübarizə aparıb, qalib gəldim”.

 

Ən yaxşı azərbaycanlı idmançı kimi məşəl koynəyinə sahib olan Maksim Averin (“Synerjy Baku”) komandasının çempion olmasını adi qarşılayıb. Onun sözlərinə görə, gərgin məşqlər öz bəhrəsini verib: “5-ci mərhələdə çətin idi. Çalışırdım ki, ümumi hesabda mövqeyimi qoruyum və buna nail oldum. Biz ötən il də yaxşı nəticə göstərə bilərdik. Potensialımıza bələdik. Bu səbəbdən qışda əla hazırlıq keçdik və yürüşdə özümüzü yaxşı tərəfdən göstərdik. Qarşıda bizi Avropa Oyunları gözləyir və burada da yaxşı nəticə qazanmağa çalışacağıq”.

 

Bənövşəyi köynəyin sahibi Frantişek Sisr (“Dukla”, Çexiya) “Tour d’Azerbaidjan-2015”dəki uğurunun gələcəkdə köməyinə gələcəyini açıqlayıb: “3 mərhələdə 10 ən yaxşı velosipedçi sirasında daxil oldum. Bu yaxşı nəticədir. Hesab edirdim ki, mərhələ qalibi də ola bilərdim. Lakin alınmadı. Buna baxmayaraq, nəticəm qənaətbəxşdi və növbəti mövsümdə daha güclü komandaya keçə bilərəm”.