16:11 10-05-2015
news_image
462
DİGƏR NÖVLƏR

“Çempionluğumuz mövsümboyu bizə kömək olacaq”

“Tour d’Azerbaidjan-2015”in qalib olduğumuz üçün fəxr edirəm. Bu qələbədə komandamızın hər bir üzvünün rolu var”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın “Synergy Baku” velosiped komandasının meneceri Devid Makkueyd deyib.

 

O, 5 mərhələdən ibarət olan və 25 komandanın iştirak etdiyi “Tour d’Azerbaidjan-2015”in çempionu adını qazanmalarına münasibət bildirib. Menecerin sözlərinə görə, qələbələrində Azərbaycan Velosiped İdmanı Federasiyasının və “Synergy Baku”nun hər bir üzvünün böyük rolu var:

“Ötən il potensialımıza uyğun çıxış etmədik. Bu dəfə yarışa çox ciddi hazırlaşdıq və lazmi nəticəni qazandıq. Düzdü, ötən yarışlarda bəzən bəxtimiz gətirmirdi, bəzən nəsə alınmırdı, amma bu qələbə sayəsində böyük ruh yüksəkliyi qazandıq. Hesab edirəm ki, çempionluğumuz mövsümboyu bizə kömək olacaq. Komandamızın üzvləri də bir-birinə lazımi dəstək göstərdilər. Bu səbəbdən də Aleksandr Surutkoviç qırmızı köynəyi də özündə saxladı. “Synergy Baku” çox güclü komandadı”.

 

Makkueyd əsas məqsədlərindən birini də açıqlayıb. O bildirib ki, Azərbaycanda velosiped idmanı yüksələn xəttlə inkişaf etdiyindən Rio Olimpiadasında da debüt etmək arzusundadılar: “Rio Olimpiadası üçün iddiamız ilk dəfə şosse yarışında Azərbaycanın təmsil olunmasıdı. Maksim Averin bunun üçün “Tour d’Azerbaidjan-2015”də xallar topladı. O, Avropa Oyunlarında da buna davam edəcək. Lisenziya üçün sonadək mübarizə aparacağıq”.

 

“Baku Synergy”də baş məşqçi funksiyasını yerinə yetirən idman direktoru Ceremi Hant da komandasının qələbəsi münasibəti ilə hamını təbrik edib: “Komandamızda hər bir şəxsin rolu danılmazdı. Sponsorlarımıza da minnətdaram. Bir neçə yarışda iştirakla Avropa Oyunlarına da ciddi hazırlaşacağıq və burada özümüzü yaxşı tərəfdən göstərəcəyik”.

 

Yığmamızın da liderlərindən olan Elçin Əsədov çempionluqdan məmnunluğunu ifadə edib. O vurğulayıb ki, komandasının potensialı gələcək yarışlarda da uğurları sıralamağa imkan verir: “Söz vermişdik ki, bu il layiqincə çıxış edə biləcəyimizi göstərmək gücündəyik. Üzərimizdə əziyyəti olan bütün şəxslərə, Azərbaycan Velosiped İdmanı Federasiyasına və sponsorumuza təşəkkür edirəm. Bizi daima diqqətdə saxlayırlar və komandamız da buna layiqincə cavab verdi”.

 

“Baku Synerjy”nin sloveniyalı velosipedçisi Matey Müqerli Avropa Oyunları ilə bağlı planlarını açıqlayıb. Onun sözlərinə görə, qitədə ilk dəfə təşkil olunacaq yarış ölkəsi üçün böyük əhəmiyyətə malikdi: “Komandamız qalib gəlməklə göstərdi ki, biz ən güclüyük. Son mərhələdə irəlidə 3 velosipedçimiz vardı. Taktikamız özünü doğrultu. Bakı-2015-ə gəlincə, bu yarış bizim üçün çox böyük əməmiyyət kəsb edir. Bu, istər Azərbayan, istərsə də Sloveniya yığması böyük sınaqdı. Yaxşı hazırlaşıb, özümüzü yaxşı tərəfdən göstərmək istəyirik”.

 

Komandamızın yunanıstanlı üzvü İoannis Tamoudiris də Avropa Oyunlarına böyük əhməiyyət verdiklərini deyib. O bildirib ki, iyunda Azərbaycana gələcək heyətdə yer alacaq: “Avropa Oyunlarının velosiped yarışlarında Yunanıstanı təmsil edəcək 3 idmançı arasında mənim də adım var. Oyunlara çox böyük həvəslə hazırlaşırıq. Burada maraqlı və gərgin mübarizə gözləyirəm. Hesab edirəm ki, uğurla çıxış etmək gücündəyik”.

 

“Synerjy Baku”nun gənc velosipedçisi Samir Cəbrayılov ötən illə müqayisədə bu dəfə bənövşəyi köynək geyinməsə də, çıxışını yüksək qiymətləndirib: “Əsas komandamızın uğuru idi. Sevinirəm ki, bunu bacardıq”. Qeyd edək ki, “Synerjy Baku” 4-cü mərhələdən sonra ümumi komanda hesabında 42 saniyə uduzduğu Sloveniya “Adria Mobil”ini son yarış günü 29 saniyə qabaqlayıb.