17:17 10-05-2015
news_image
8702
DİGƏR NÖVLƏR

“Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunu göstərdik”

“Tour d’Azerbaidjan-2015” çox maraqlı və kifayət qədər gərgin keçdi. Bütün mərhələlər canlı göstərilirdi və hamı yarışın yüksək səviyyədə keçməsinin şahidi oldu. Deyə bilərik ki, “Tour d’Azerbaidjan-2015” baş tutdu”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, “Tour d’Azerbaidjan-2015”in Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib.

 

Federasiya rəsmisi ölkəmizdə ənənəvi xarakter alan yarışla bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, turnirə qatılan bütün komandalar təşkilatçılıqdan razı qalıblar: “Məqsədimiz komandaların razı qalması idi və narazılıq edən olmayıb. İştirakçılarımız Azərbaycanla tanış olmaq imkanı qazandılar. Bu yarışı izləyənlər gördülər ki, ölkəmiz istənilən yarışı yüksək səviyyədə keçirmək gücündədi. Bununla Azərbaycanın Avropa Oyunları üçün tam hazır olduğunu və ölkəmizin istənilən səviyyəli yarışları ən yaxşı şəkildə təşkil etməyə qadir olduğunu növbəti dəfə göstərdik”.

 

“Tour d’Azerbaidjan-2015”in Bakı-2015-in şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində keçirilən sonuncu mərhələsini Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə təşkil etdiklərini deyən vitse-prezident qeyd edib ki, sınaq yüksək səviyyədə baş tutub.

 

Ələkbərov “Baku Synergy”nin çempionluğunu da yüksək qiymətləndirib:

“Biz ildən-ilə hər şeyi yaxşılaşdıracağıq. Yarışı daha yüksək səviyyədə keçirmək istəyirik. Bu işlərə də başlayanda məqsədimiz bu olub. Azərbaycan prezidenti İlham Əliyev ölkə idmanına böyük diqqət və qayğı göstərir. Velosiped idmanı da bunun sayəsində inkişafdadı. Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov bu idman növünün daha da yüksəlməsi işini mənə tapşıranda, bunun öhdəsindən gəlməliyəm dedim. Bunun üçün vuruşuruq. Artıq ilk bəhrələrini görməkdəyik. Avropa Oyunlarına gəlincə, yarışda ən güclü idmançılar mübarizə aparacaqlar. Biz də yaxşı nəticələr göstərməyi planlaşdırırıq. Bu möhtəşəm yarışda yüksək təşkilatçılıqla yanaşı, əla nəticələr də vacibdi”.