17:45 10-05-2015
news_image
1404
DİGƏR NÖVLƏR

“Bakı günü sabah Avropa Oyunlarını keçirməyə hazırdı”

“Tour d’Azerbaidjan-2015”də təşkilatçılıq çox yüksək səviyyədə idi. Yarışın son mərhələsinin marşrutu Avropa Oyunlarına test xarakteri daşıdığı üçün təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, Bakı günü sabah qitənin ilk Oyunlarını keçirməyə tam hazırdı”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov deyib.

 

Rusiyalı mütəxəssis ardıcıl 4-cü dəfə keçirilən “Tour d’Azerbaidjan” yarışının təşkilatçılığından razılığını ifadə edib. Onun sözlərinə görə, hər şey çox yüksək səviyyədə keçib:

“Komandanız – “Baku Synergy” də çox uğurla çıxış etdi. Böyük işlər görülüb. “Synergy Baku” çempion olmaqla yanaşı, dağ köynəyini də qazandı. Bu templə davam edərsə, “Tour d’Azerbaidjan” daha nüfuzlu yarışlar arasına girə biləcək”.

 

Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer də Təşkilat Komitəsinə təşəkkür edib. O vurğulayıb ki, gördüklərinə yaxşı mənada təəccüblənib:

“Hər şey çox yüksək səviyyədədi. 4-cü ildi bu yarış keçirilir və görürük ki, ildən-ilə turnirin səviyyəsi yüksəlir. Azərbaycanda bütün şərait var. Yollar gözəldi, otellər əladı. Heç məşhur “Tour de France” yarışında komandalar belə yüksək səviyyəli otellərdə qalmırlar. Eyni zamanda, iştirakçıların təhlükəsizliyi çox yüksək səviyyədə qorunur. 5-ci mərhələ barədə deyə bilərəm ki, Avropa Oyunları üçün ideal bir marşrutdu. Bu yarışda bizi çox gərgin mübarizə gözləyir. Çünki Oyunlara qitənin ən güclüləri qoşulacaq”.