09:30 15-05-2015
news_image
1862
DÖYÜŞ NÖVLƏRİ

Fikri Bakıda olan ermənilər

Avropa Oyunlarına gələcək Ermənistan cüdoçularının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, işğalçı ölkə təmsilçisi iyunun 12-28-də Bakıda keçiriləcək yarışa 3 idmançı ilə gələcək.

 

Ermənistanın cüdo üzrə millisinin baş məşqçisi Tiqran Babayan bildirib ki, bunlar Oqanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviçdi (52 kq). Onun sözlərinə görə, ölkəmizə 5 cüdoçu ilə planlaşdırsalar da, sonda 2 idmançının valideynləri və şəxsi məşqçiləri onların Bakıya gəlməsinə razılıq verməyib: “Arsen Kazaryan və Andranik Çaparyanın da adını Azərbaycana yollanacaq heyətə salmışdıq. Lakin onların valideynləri ilə şəxsi məşqçiləri buna razılıq vermədilər. Mən və Ermənistan Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan komanda ilə birlikdə Bakıya gedəcəyik”.

 

Baş məşqçi bildirib ki, Avropa Oyunlarına gələcək cüdoçular yaxşı formadadı: “Onlar daima toplanış və yarışlara qatılırlar. Hazırda Antalyada hazırlıq keçirik. İyunun 5-dən Minskdə toplanışımız başlayacaq. Çalışacağıq ki, medal qazanaq. Biz və idmançılarımız üçün Bakıdakı Avropa Oyunları Avropa çempionatı səviyyəsində bir turnirdi. Bu, siyasət deyil, idmandı. Düzdü, gərginlik var, amma buna fikir vermək istəmirik. Əgər Avropa Oyunları ilə Avropa çempionatı üst-üstə düşməsəydi, qitə çempionatına daha geniş heyətlə qatılardıq. Amma hələ də əmin deyiləm ki, Ermənistan Bakıdakı yarışda iştirak edəcək”.