11:08 18-05-2015
news_image
5430
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionumuz: Qəlbim sevinclə doluduMÜSAHİBƏ

Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan millisinin taekvondoçusu Radik İsayevin (87 kq) apasport.az saytına müsahibəsi  

 

- Qalib kimi təəssüratlarınız necədi?

- Qəlbim sevinclə doludu. Özümü əla hiss edirəm, təəssüratlarım da əladı. Bundan yaxşısı ola bilməz.

 

- Ümumiyyətlə, dünya çempionatında mübarizə necə keçdi? Hansı döyüşünüz daha çətin alındı?

- Bütün görüşlərim gərgin keçdi. Kubalı Rafael Kastillo ilə yarımfinal isə daha ağır alındı.

 

- Məhz həmin döyüşdən sonra çempion olacağınızı hiss etdiz?

- Bəli, Kastillonu məğlub etdikdən sonra başa düşdüm ki, qızıl medal qazanmaq şanslarım var. Amma 100 faiz əmin deyildim.

 

- Yarımfinala qədər bütün rəqiblərinizi asanlıqla məğlub edib, onlara şans vermirdiniz. Son 2 görüşdə 1 xal fərqi ilə qalib gəlməyinizi nə ilə izah edərdiniz: yorğunluq, yoxsa rəqiblərin daha güclü olması ilə?

- Əlbəttə ki, rəqiblər əvvəlki mərhələdən daha güclü idi. Fəxri kürsüyə yaxınlaşdıqca daha çətin idmançılarla üz-üzə gəlirsən. Yorğunluğa gəlincə, bütün iştirakçılar eyni səviyyədə bunun əziyyətini çəkirlər.

 

- Son illərdə qazandığınız uğurlar sayəsində millimizdə liderə çevrilmisiz. Çelyabinskdə keçirilən mundiala yollanarkən, çempionluq, yoxsa sadəcə medal haqda düşünürdüz?

- Əlbəttə ki, çempion olmaq istəyirdim. Ən yaxşısına ümid edirdim.

 

- Yəqin ki, uzun müddətdi dünya çempionatında qızıl medal qazanmadığımızdan xəbəriniz var. Buna son qoymağa nə kömək etdi? 2001-ci ildə bu titulu qazanan, hazırda nümayəndə heyətinin tərkibində olan vitse-prezident Niyaməddin Paşayev uğur qazanmağın sirlərini sizinlə bölüşübmü?

- Çoxdandı çempionluq qazana bilməməyimizdən xəbərdar idim. Həm Paşayev, həm də bütün komandamız mənə mənəvi dəstək verirdi.

 

- Qələbə qazanmağınızda hansı amili xüsusi vurğulayardız?

- Çelyabinskdə uğur qazanmağımda tamaşaçı dəstəyinin böyük rolu oldu. Arenaya toplaşan azarkeşlər mənə döyüşlərimi yüksək əhval-ruhiyyədə keçirməyə böyük kömək oldu.

 

- Ötən il Avropa, indi isə dünya çempionu olduz. Növbəti hədəfiniz nədi?

-  Növbəti sınaq Bakıda keçiriləcək Avropa Oyunlarıdı. Bu yarışa da hazırlaşacağıq. Orada da ən yaxşı nəticəyə köklənəcəyik. Hər bir idmançı kimi mənim də əsas məqsədim Rio Olimpiadasıdı. Lakin öncədən nəsə deməyi xoşlamıram.

 

- Bəs dünya çempionatında komandamızın çıxışını necə dəyərləndirərdiz?

- Əlbəttə, öz çıxışımdan razıyam. Yığmaya gəlincə, komandamız artıq inamla sürət yığır. İnşallah, tezliklə hər şey əla olacaq.