17:03 20-05-2015
news_image
4797
TOP OYUNLARI

Almaniyalı voleybolçu: Bakıda hər şeyə etibar etmək olar - MÜSAHİBƏ

“Azəryol”un almaniyalı voleybolçu Lenka Dürr vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 2013/2014 mövsümündə “İqtisadçı”, ardınca “Azəryol”la Super Liqanın bürünc medalını qazanan yığmasının 25 yaşlı liberosu ölkəmizdə keçiriləcək Avropa Oyunları barədə danışıb, Bakının bu yarışa hazırlığını qiymətləndirib.

 

- Artıq 2 ildi Bakı klublarında oynayırsız. Azərbaycan paytaxtı necə şəhərdi?

- Bakıda bir sıra görməli yerlər var. Onlardan biri İçərişəhərdi. Bura əvvəlki Bakını əks etdirən köhnə şəhərdi və bir-birinə yaxın yerləşən evlərin olduğu gözəl, gəzməli yerdi. Orada kiçik küçələr və dar keçidlər var. Həmin ərazidə yerləşən suvenir mağazalarından qədim əşyalar almaq da mümkündü. Bundan başqa Heydər Əliyev Mərkəzi çox maraqlı yerdi. Orada mədəniyyət muzeyi və Azərbaycanın siyasi tarix sərgisi də var. Mərkəzin binası maraqlı və fikrimcə, Bakıda ən məşhur obyektdi. Bununla yanaşı, Alov qüllələri də Bakının diqqət çəkən yeridi. Çünki onlar gecələr işıq saçır və Azərbaycan bayrağının dalğalanması hər yerdən görünür. Bakıda gözəl restoranlar və bəzi bazarlar var ki, ora gedib gündəlik durumu öyrənmək üçün faydalıdı.

 

- Bakının yerli əhalisi barədə nə demək olar?

- Bakı camaatı çox yaxşı və nəzakətlidi. Kiməsə faydalı olmaqda xüsusilə maralıdılar. Baxmayaraq ki, çox az sayda ingiliscə danışan var. Amma onlar əllə-ayaqla, hər vasitə ilə kömək etməyə hazırdılar. Bakıda əsasən müsəlmanlar yaşayır. Bu isə o deməkdir ki, faktiki olaraq orada donuz əti yeyilmir, hətta satılmır da. Onu yalnız gizli yolla əldə etmək olar.

 

- Azərbaycan paytaxtında təhlükəsizlik, nəqliyyat və s məsələlərlə bağlı xüsusi qeyd edə biləcəyiniz məqamlar varmı?

- Bakıda yaşamaq həqiqətən kifayət qədər yaxşıdı. Amma orada  Almaniyadakı evimlə müqayisədə daha çox xərclər tələb olunur. Bu da mənim üçün ciddi fərq idi. Yaxşı yemək və günümü daha yaxşı keçirmək üçün şəhərin mərkəzinə gedirdim. Bakıda nəqliyyatla bağlı bir az çətinliyim olurdu. Pik saatlarında vaxt itkisi ilə üzləşirdim. Amma əvəzində normal hüququ məsələlər çox qaydasındadı. Gecə vaxtı küçəyə çıxmaq qorxulu deyil. Hər şeyə etibar etmək olar. Burada cinayət səviyyəsi çox aşağıdı.

 

- Bakıda ünsiyyət üçün daha çox hansı dildən istifadə edilir?

- Dediyim kimi, orada çox az adam ingilis dilini yaxşı və bir az bilir. İnsanlar təbii ki, Azərbaycan dilində danışırlar. Bu, türk dilini xatırladır. Rusca danışanlar da az deyildi.

 

- Azərbaycanda idman və voleybol nə dərəcədə populyardı?

- Orada idman çox önəmli yer tutur. Bura böyük investisiyalar qoyulur. Çoxsaylı idman qurğuları və idman kanalının olmasında da bunu hiss etmək olar. Bakıda voleybol da böyük nüfuza malikdi. Təsadüfi deyil ki, indiyədək bir çox ulduz voleybolçular bu ölkənin klublarında çıxış edir. Onlar həmin komandalarla avrokuboklarda özlərini yaxşı tərəfdən göstərə biliblər. Bakıda yaxşı maliyyə imkanları var və xaricilər üçün müvafiq normativ aktlar mövcuddu. Bu da şəhəri əcnəbi voleybolçular üçün cəlbedici edir.

 

- Gələn ay bu şəhərdə Avropa Oyunları təşkil olunacaq. Bakıda bu yarışın həyəcanı necə hiss olunurdu?

- Bakıda təşkil olunacaq yarışlar qitədə ilkdi. Bu yarış beynəlxalq əlaqələrin qurulması üçün böyük imkandı. Azərbaycan bu Oyunların yüksək səviyyədə keçirilməsi üçün böyük qüvvələr sərf edir. Elə idmançılar üçün də bu yarış həyəcanverici önəm daşıyır. Çünki bunu Olimpiya Oyunları öncəsi böyük məşq hesab etmək olar. Bütün Avropanın orada olması da Oyunlara marağı artırır.

 

- Siz Bakıdan vətənə dönəndə işlər nə yerdə idi?

- Aprelin 14-də Bakıdan Almaniyaya döndüm. Mən Azərbaycandan ayrılanda artıq onlar Avropa Oyunları ilə bağlı böyük işlər görmüşdü. Bütün idman qurğuları, o cümlədən Milli stadion tam hazır idi. Demək olar ki, onlar bütün işlərini yekunlaşdırıb, qonaqların gəlməyini gözləyirlər.

 

- Voleybol millimizin mübarizə aparacağı “Kristal Hall” sizə nə dərəcədə tanışdı?

- Mən oranı da tanıyıram. Amma izləyici kimi. Ötən il orada Çempionlar Liqasının “Dördlər finalı”na baxmışam. Həqiqətən də hər şey əla idi. Oranın ölçüləri də çox diqqətçəkicidi. “Kristal Hall”ın yaxınlığında isə Azərbaycanın nəhəng bayrağının dalğalandığı Meydan var.

 

- Siz Azərbaycanda son 2 ildə “İqtisadçı” və “Azəryol”da forma geyinmisiz. Növbəti mövsümdə özünüzü harada görürsüz?

- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Yeni mövsümlə bağlı suallara heç bir aydınlıq gəlməyib.

 

- Azərbaycanda ilk dəfə keçirəcək Avropa Oyunları ilə gələcəyi ilə bağlı fikirləriniz necədi?

- Çox istəyərdim ki, Avropa Oyunları gələcəkdə Almaniyada keçirilsin. Bu, çox əla olardı. Ölkəmizdə çox çılğın idman azarkeşləri var. Onlar belə bir yarışı izləməkdən xoşbəxt olarlar. Çünki burada bütün idman növləri yer alır. Avropa Oyunları həm də Almaniyada idmanın inkişafına əlavə impuls verə bilər. Xüsusilə də az inkişaf etmiş idman növləri bundan yararlana bilər.