14:27 02-06-2015
news_image
5297
TOP OYUNLARI

“Azərreyl”dən 2 vacib transfer!

Yeni mövsümdə Çempionlar Liqasında oynayacaq “Azərreyl” heyətini gücləndirməyə start verib. Apasport.az saytının məlumatına görə, tarixi adına qayıdan “dəmiryolçular” Azərbaycan voleybolsevərləri üçün tanış simalarla müqavilə imzalayıblar.

 

Belə ki, 2010-2012 mövsümündə “Azərreyl”in formasını geyinən tailandlı toppaylayıcı Nutsara Tomkom yenidən sabiq komandasına qayıdıb. Artıq fəaliyyətini dayandıran “Rabitə”dən transfer olunan 30 yaşlı təcrübəli oyunçu ilə 1 illik razılıq əldə olunub.

 

Tomkomun yığmadakı komanda yoldaşı Vanna Buakeva da yeni mövsümdə “Azərreyl”in uğurları üçün çalışacaq. 2009/2010 və 2012/2014 mövsümlərində “İqtisadçı”da oynayan 34 yaşlı libero ilə də 1 illik müqavilə bağlanıb. Hər 2 voleybolçunun Super Liqa və Çempionlar Liqası təcrübəsi olduğundan “Azərreyl”ə böyük fayda verəcəyini proqnozlaşdırmaq mümkündü.

 

“Azərreyl” klubunun rəsmisi Zöhrab Gözəlbəyli bu xəbəri nə təsdiq, nə də təkzib edib. Onun sözlərinə görə, komandanın qarşısına yeni mövsümdə uğurlu çıxış tapşırığı qoyulsa da, hazırda əsas diqqətlər Avropa Oyunlarına yönəlib: “Çünki ölkə voleyboluna ilk olaraq, qitənin ilk yarışlarında uğur qazanmaq niyyətindəyik. Bu səbəbdən də hazırda bütün diqqətlərimizi Oyunlara yönəltmişik. Klub barədə bütün planlarımızı yarışdan sonra müəyyənləşdirəcəyik”.

 

Qeyd edək ki, Tomkom və Buakeva Azərbaycan çempionatlarında müxtəlif əyarlı medal qazanmaqla yanaşı, Super Liqanın simvolik komandasına da düşüblər.