14:25 24-06-2015
news_image
3197
DİGƏR NÖVLƏR

Zemfira Meftahəddinova: İdmanla vidalaşmaq vaxtıdı - MÜSAHİBƏ

Sidney Olimpiadasının qızıl, Afina Olimpiadasının bürünc mükafatçısı, azərbaycanlı stend atıcısı Zemfira Meftahəddinovanın apasport.az saytına müsahibəsi

 

- Ölkəmizdə keçirilən I Avropa Oyunları barədə fikirləriniz necədi?

- Bu cür mötəbər yarışın, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm idmançılar, həm də azarkeşlər üçün böyük bayramdı. Artıq neçə gündü bu bayramı yaşayırıq, qələbələrimizi qeyd edirik. Təbii ki, qazanılan hər medal xalqımızı, prezidentimizi sevindirir.

 

- Avropa Oyunlarında hələlik 39 medal əldə etmişik. Bu nəticəni gözləyirdizmi?

- Əla nəticədi. Biz idmançılarımıza inanırdıq. Fikrimcə, yarışların sonuna qədər daha bir neçə medal əldə edəcəyik.

 

- Necə düşünürsüz, Azərbaycan ilk Avropa Oyunlarını neçə medalla bitirəcək?

- Mən idmanda heç vaxt proqnoz vermirəm. Medalların sayı çox olsa, yaxşıdı. Əsas odu ki, nə qədər medal qazanacağıqsa, hamısı bizim olacaq (gülür). Qalan günlərdə yarışa çıxacaq idmançılarımıza da uğurlar arzulayıram.

 

- Yarışın təşkilatçılığından razısızmı?

- Əlbəttə. Avropa Oyunlarında iştirak edən bütün idmançılar təşkilatçılıq barədə müsbət fikirlər səsləndirirlər. Bu isə onu göstərir ki, təşkilatçılıq ən yüksək səviyyədədi. Bütün idman obyektlərimiz saat kimi işləyir.

 

- Atıcılarımızın Avropa Oyunlarındakı çıxışı ürəkaçan olmadı. Bunun səbəbini nədə görürsüz?

- Atıcılarımız da bu yarışda iştirak etdilər. Medal qazanmaqlarını çox istərdim, amma alınmadı. Bilirsiz, bu, idmandı. İdman elə bir peşədi ki, qısa zamanda nəticə vermək olmur. Atıcılıqda da elədi. Mən 30-31 il məşq etdikdən sonra Olimpiya çempionu olmuşam.

 

- Sizi niyə Avropa Oyunlarının iştirakçısı qismində görmədik?

- Mən Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin sədri təyin olunmuşam. Həm də fikirləşdim ki, artıq idmanla vidalaşmaq vaxtıdı.

 

- Belə çıxır ki, sizi bir də yarışlarda görməyəcəyik?

- Bəli, karyeramı bitirməyə qərar verdim. Avropa Oyunlarında da buna görə iştirak etmədim.

 

- Yay Olimpiya Oyunlarında qızıl və bürünc mükafatlar qazanmısız. Gələn il Rioda keçiriləcək Olimpiadada atıcılarımız sizin nəticələri təkrarlaya bilərlərmi?

- Allah qoysa, təkrar edərlər. İnanıram ki, Rio Olimpiadasında atıcılarımız yaxşı çıxış edəcəklər. Bir qədər vaxt lazımdı. 1992-ci ildən 2000-ci illərin əvvəllərinə qədər bizdə Atıcılıq Kompleksi yox idi. 2003-cü ildə böyük Atıcılıq Kompleksi tikildi. Hazırda gənc, perspektivli atıcılarımız var. Hamısı növbəti yarışlarda özlərini göstərə bilərlər. Aralarında Emin Cəfərov və Nurlana Cəfərova kimi idmançılar seçilirlər. Hamısı məşq edir, yarışlara gedir. Onların hər birinə inanıram.  

 

Tengiz MƏMMƏDOV