09:28 25-06-2015
news_image
918
TOP OYUNLARI

CEV prezidenti Bakıda keçiriləcək AVRO-2017-nin hazırlığını yüksək qiymətləndirdi

Bakıda Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi şəxsləri ilə Azərbaycan və Gürcüstan Voleybol federasiyalarının nümayəndələri arasında görüş keçirilib. Apasport.az saytı xəbər verir ki, görüşdə I Avropa Oyunlarını izləməyə gələn CEV-in prezidenti Andre Meyer və vitse-prezidenti Yan Xronek, Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Elşən İsmayılov və icraçı-direktoru Mixail Frişman, həmçinin Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua və baş katibi Andriya Lejava iştirak ediblər.

 

Azərbaycan və Gürcüstan qadın voleybolçular arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək. Görüşdə məhz bu məsələ ilə bağlı müzakirələr aparılıb, hər iki ölkənin yarışın təşkilatçılığını yüksək səviyyədə yerinə yetirəcəyi bildirilib.

 

CEV-in prezidenti Andre Meyer Azərbaycanın I Avropa Oyunlarına layiqli şəkildə ev sahibliyi etdiyini bildirib. O qeyd edib ki, təşkilatçı ölkələr bu missiyanın öhdəsindən gələ biləcəklər: “Avropa çempionatına hələ 2 il vaxt qalsa da, artıq təşkilatçı ölkələr bu yöndə işlərə başlayıblar. Azərbaycan I Avropa Oyunlarını uğurlu şəkildə təşkil etdi, bununla da beynəlxalq miqyasda mövqeyini bir qədər də gücləndirdi. Gürcüstanda isə bu il gənclərin Avropa Olimpiya Festivalı keçiriləcək və bunu səbirsizliklə gözləyirik. Bir sözlə, 2017-ci ildə keçiriləcək voleybol üzrə Avropa çempionatını təşkil etməyə hər iki ölkənin təcrübəsi imkan verəcək. Əminik ki, Azərbaycan və Gürcüstan ideal atmosfer yaradacaqlar. Avropa Oyunları artıq başa çatmaq üzrədi. Fanatlar indidən daha bir mötəbər yarışı, voleybol üzrə Avropa çempionatını səbirsizliklə gözləyə bilərlər”.  

 

Qeyd edək ki, AVRO-2017-nin həlledici matçlarının Azərbaycan və Gürcüstanda keçirilməsi ilə bağlı qərar Avropa Voleybol Konfederasiyasının Antalyada keçirilən konqresində qəbul edilmişdi.

 

Yarışın böyük hissəsinə ölkəmiz sahiblik edəcək. Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları paytaxtımızda gerçəkləşəcək.