10:11 30-06-2015
news_image
6351
DÖYÜŞ NÖVLƏRİ

Fərid Mansurov: Biz bütün dünyaya səs saldıq MÜSAHİBƏ

Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurovun apasport.az saytına müsahibəsi

 

- Bu günlərdə başa çatan I Avropa Oyunlarında güləşçilərimizin çıxışını necə dəyərləndirirsiniz?

- Böyük, möhtəşəm qələbələr qazandıq. Bu münasibətlə hamını təbrik edirəm. Doğrudan da, idmançılarımız onlara göstərilən etimadı doğrultdular və başda cənab prezident olmaqla, bütün xalqımızı sevindirdilər.

 

- Avropa Oyunlarındakı təşkilatçılıq barədə nə deyə bilərsiniz?

- İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən gözəl təşkil olunmuşdu. Cənab prezident də demişdi ki, Avropa Oyunlarının açılışı Olimpiya Oyunlarının açılışına bərabər olacaq. Doğrudan da, belə oldu və bunu bütün dünya gördü, bizə olan fikirlər dəyişdi. Bağlanış mərasimi də möhtəşəm keçdi. Ümumiyyətlə, Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bir daha sübut elədi ki, Azərbaycan idman ölkəsidi. İdmançılarımızın uğurları da bunu bir daha təsdiq etdi. Biz bu yarışla bütün dünyaya səs saldıq.

 

- Yunan-Roma güləşçilərimiz yarışı 6 medalla başa vurdular. Bundan artığına imza atmaq olardımı? Hansı güləşçimiz ona bəslənən ümidləri tam doğrultmadı?

- Mən idmançılarımızı bir-birindən ayırmaq istəməzdim. Ümumilikdə idmançılarımızın nəticəsini yüksək qiymətləndirirəm. Çünki 8 çəki dərəcəsində yunan-Roma güləşçilərimiz 6 medal qazandılar ki, bunun 2-si qızıl, 2-si gümüş, 2-si də bürünc oldu. Gözəl nəticədi. Məncə, uğurlarımız bundan da artıq ola bilərdi. Amma bu, idmandı. Bəzi idmançılarımız müəyyən yerdə boşluq buraxdılar, bununla da qızıl medallarını əldən verdilər. Amma yenə də yarışı medalla başa vura bildilər. Mən bu kimi halları normal qəbul edirəm. İdmanda qalibiyyət olduğu kimi, məğlubiyyət də var.

 

- Gələn il idmançılarımız Rio Olimpiadası kimi mötəbər yarışda iştirak edəcəklər. Keçmiş idmançı olaraq, güləşçilərimizdən hansı nəticəni gözləyirsiz?

- Federasiya prezidenti Fazil Məmmədov tərəfindən güləşçilərə lazım olan bütün şərait yaradılıb. Buna görə də, hamımız idmançılarımızdan uğur gözləyirik. Yaradılan şəraitin qarşılığında təkcə qalır nəticə vermək. Sentyabrda ABŞ-da keçiriləcək dünya çempionatı gözləyir. Həmin dünya çempionatında 1-6-cı yerlər Rio Olimpiadasına vəsiqə verəcək. Artıq bütün xalqımız güləşçilərin qələbəsini ənənə kimi qəbul edir. İnanıram ki, güləş federasiyası olaraq, qələbə ənənəsini itirməyəcəyik, onu həmişə qoruyub saxlayacağıq.

 

Tengiz MƏMMƏDOV