10:01 01-07-2015
news_image
5004
DÖYÜŞ NÖVLƏRİ

“Biz toplanışda “pif-paf” yandırardıq, amma indi...” Ağası Məmmədov

Afina Olimpiadasının bürünc mükafatçısı, keçmiş boksçu Ağası Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Boks yığmamız I Avropa Oyunlarında 6-sı qızıl olmaqla, ümumilikdə 11 medal əldə etdi. Bu nəticəni gözləyirdizmi?

- Əlbəttə, gözləyirdim. Yarış doğma divarlar arasında keçirilirdi. Hər şey möhtəşəm idi. Bu nailiyyətlər federasiyamızın prezidenti Kəmaləddin Heydərovun idmançılara göstərdiyi qayğının nəticəsidi. 15 il qabaq təlim-məşq toplanışında olanda “pif-paf” yandırıb özümüzü ağcaqanaddan qorunardıq, amma indi elə deyil. Boks Federasiyasının rəhbərliyi idmançılar üçün hər cür imkan yaradıb.

 

- Özünüz hazırda nə işlə məşğulsuz?

- Keçən ilin oktyabrında İtaliyanın Kataniya şəhərində imtahan verdim, 3 ulduz məşqçilik dərəcəsi aldım. Bütün yaş qruplarında işləyə bilərəm. Amma hələ başlamamışam məşqçiliyə.

 

- I Avropa Oyunlarında sizi yaxşı mənada təəccübləndirən hansı boksçumuz oldu?

- Hamısı özlərini yaxşı tərəfdən göstərdi. Yarış öz evimizdə keçirilirdi. Burda nailiyyət qazanmamaq mümkün deyildi.

 

- Elə bir boksçumuz oldumu ki, ondan nailiyyət gözlədiyiniz halda, ümidlərinizi puç etdi?

- Məhəmmədrəsul Məcidovdan qızıl medal gözlənilirdi. Amma zədələndiyi üçün “bürünc”lə kifayətləndi. Məhəmmədrəsul böyük adamdı. Bilirsiz, ağır çəkidə döyüşmək çox çətindi. Bir də ki, idmanda hər nəticə olur.

 

- Hazırkı boksçularımızdan hansının döyüş tərzi sizin stilinizə yaxındı?

- Elə boksçu yoxdu. Olsa, deyərdim. (Bir qədər düşünür və fikrini dəyişir – T.M.) 64 kq çəkidə döyüşən boksçumuz, kubalı Sotomayorun döyüş stili mənə oxşayır. Cəlddi. Hər birinin xətri mənim üçün əzizdi.

 

- 11 il əvvəl Olimpiya Oyunlarının bürünc mükafatçısı olmusuz. Necə düşünürsüz, gələn il Braziliyada baş tutacaq Olimpiadada hansı boksçumuz qızıl medalla qazana bilər?

- Mən inanıram ki, Rio Olimpiadasında həm boksda, həm də taekvondoda böyük nailiyyətlər qazanacağıq. Fikrimcə, əvvəlki olimpiadalarla müqayisədə, bu dəfə medal sayımız çox olacaq. Təbii ki, əgər hakimlər idmançılarımızı sıxışdırmasalar. Keçən Olimpiadada bizimkiləri sıxışdırdılar. Ümid edirəm ki, bu dəfə elə şey olmayacaq.

 

Tengiz MƏMMƏDOV