09:18 02-07-2015
news_image
4619
TOP OYUNLARI

Avropa Liqasının qalibi Azərbaycanda oynayacaq

Çempionlar Liqasında mübarizə aparacaq “Telekom” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bolqarıstanlı Mariya Filipovanın ardınca Çexiya millisinin toppaylayıcısı Lusi Mulsteynovanı da rənglərinə bağlayıb.

 

31 yaşlı təcrübəli voleybolçu Polşanın “Aluprof” klubundan transfer olunub. 181 sm boya malik Mulsteynova ilə 1 illik müqavilə imzalanıb.

 

Lusi peşəkar karyerasına vətənində başlayıb. 2007/2008 mövsümündə Bratislava “Doprastav”unda özünü yaxşı tərəfdən göstərən və ölkə çempionu adını qazanan toppaylayıcı ardınca legioner həyatı yaşamağa başlayıb.

 

2008/2009 mövsümündə Polşa “Bialistok”un formasını geyinən Mulsteynova daha sonra Yunanıstana yollanıb. Burada “Olimpiakos”un (2009/2010) şərəfini qoruyan Lusi ölkə kuboku ilə yanaşı, çempionatın gümüş medalına da yiyələnib.

 

2010-cu ildə yenidən Polşaya qayıdan çexiyalı burada “Tauron” (2010/2011), “Bialistok” (2011/2012), “Ximik” (2012-2014) və “Aluprof” (2014/2015) klublarının uğuru üçün çalışıb. O, 2014-cü ildə Polşa çempionu titulunu qazanaraq, ölkə kubokunu da başı üzərinə qaldırıb.

 

Mulsteynovanın yığma karyerasına gəlincə, burada da inamlı oyunu ilə diqqət mərkəzində olub. O, 2012-ci ildə Çexiya millisi ilə Avropa Liqasının qızıl medalına yiyələnib.

 

Qeyd edək ki, daima 11 nömrəli forma geyinən Mulsteynovanın transferi ilə “Telekom”dakı oyunçuların sayı 12-yə çatıb. Ondan öncə Xiselye Əzimli, Vilma Alışanova, Kristina Yaqubova, Marqarita Əzizova, Yelizaveta Səmədova, Olena Həsənova, Yoana Mahmudova, Ana Priyeva, Yana Əzimova (hamısı Azərbaycan), Mariya Filipova və Xristina Rusevanın (hər ikisi Bolqarıstan) yeni mövsümdə burada oynayacağı dəqiqləşmişdi.