13:15 06-07-2015
news_image

Kvanjuda ilk medal

Azərbaycan yığması Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Yay Universiadasında ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, iyulun 2-də start götürən yarışda fərqlənən ilk idmançımız cüdoçu Hüseyn Rəhimli olub.

 

20 yaşlı təmsilçimiz 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçuların yarışında fərqlənib. Rəhimli keçirdiyi 6 görüşdən 5-də qalib gələrək, Universiadanın bürünc mükafatını əldə edib.

 

Cüdoçumuz 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Yuji Yamamotoya uduzsa da, rəqibinin yarımfinala yüksəlməsi Rəhimlini təsəlliverici görüşlərə daşıyıb. Rumıniyalı Eduard Nikulaesku, çexiyalı Vatslav Sedmidubski, braziliyalı İqor Pereyra və özbəkistanlı Kamol Rəsulova qalib gələn idmançımız bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Rusiyalı Zəlimxan Özdoyevlə görüşün taleyini ippon fəndi ilə həll edən Rəhimli Universiadanı 3-cü pillədə başa vurub.

 

Qeyd edək ki, Kvanju-2015 Yay Universiadasına iyulun 14-də yekun vurulacaq.