15:57 08-07-2015
news_image
593
DİGƏR NÖVLƏR

4-cü mərhələdə 4-cü yer - FOTO

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

 

Yarışın 185 km-lik 4-cü mərhələsində komanda üzvlərimizdən ən yüksək göstəriciyə Matey Müqerli imza atıb. O, finişi mərhələ qalibi, Rusiyanın "Rusvelo" pro-kontinental komandasının üzvü İvan Savitskidən 7 saniyə gec keçərək 4-cü olub. Müqerlini 3-cü yerdən cəmi bir neçə santimetr ayırıb. Velosipedçimiz üçüncülük uğrunda Sloveniyanın "Adria Mobil" komandasının üzvü, yarışın ən yaxşı sprinteri üçün nəzərdə tutulan "yaşıl köynəy"i özündə saxlayan Marko Kumpla eyni nəticəyə imza atsa da, fotofiniş rəqibin öndə olduğunu üzə çıxarıb.

 

4-cü mərhələdə komandamızın digər üzvlərinin nəticələrinə gəlincə, Samir Cəbrayılov mərhələ qalibinə 11 saniyə uduzmaqla 15-ci olub. Yannis Tamuridis 19-cu, Maksim Averin isə 34-cü nəticə göstərib.

 

4 mərhələdən sonra ümumi sıralanmada Matey Müqerli liderdən 1 dəqiqə, 10 saniyə geri qalmaqla 11-cidi. Samir Cəbrayılov isə 1 dəqiqə, 52 saniyə geriliklə 24-cü yerdədi.

 

Sabah iştirakçılar 133 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.