12:05 10-08-2015
news_image
624
DİGƏR NÖVLƏR

Qəbələdə 3 məsafə üzrə tapançadan atəş açma yarışlarına start verilib - FOTOSESSİYA

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün qadınlar arasında tapançadan 10 və 25 metr məsafəyə, kişilər arasında isə 50 metr məsafəyə atəş açma yarışlarına start verilib.

 

Bu yarışlarda Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edirlər.

 

Dünya Kuboku yarışlarında Olimpiya Oyunları zamanı medal qazanmış 50-dən çox idmançı iştirak edir. Həmçinin atıcıların 100-dən çoxu dünya çempionatlarının mükafatçısıdı. Burda elə idmançılar var ki, 3 və ya 4 dəfə Olimpiya çempionu olublar. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2000-ə yaxın idmançı iştirak edir.

 

Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparır. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.