12:48 10-08-2015
news_image
2569
DİGƏR NÖVLƏR

"Rusiya atıcılıq sahəsində Azərbaycana çatmağa çalışır" - MÜSAHİBƏ

Rusiyanın qadınlardan ibarət atıcılıq millisinin baş məşqçisi Anatoli Yeqrişinin apasport.az saytına müsahibəsi

 

- Qəbələdə keçirilən Dünya Kuboku yarışları haqda ilkin təəssüratlarınız necədi?

- Hər şey möhtəşəmdi. Yüksək səviyyəli idman qurğusunda keçirilən yarışlarda çıxış etmək çox xoşdu. Buranın insanları, qonaqlara münasibət də yaxşı hisslər oyadır. Təbiət isə ayrı mövzudu.

 

- Yəqin ki, Qəbələ ilə artıq tanış ola bilmisiz...

- Bura uğur qazanmaq üçün gəlmişik. Bu üzdən yarış başlamazdan əvvəl ölkənizdə təlim-məşq toplanışında olduq. Yarışa yaxşı səviyyədə hazırlaşmaq üçün Qəbələ atıcılıq mərkəzində məşq keçirdik. Bu müddətdə gəzməli yerlərdə də olmuşuq. Hətta gölə də gedib istirahət etdik. Nohurgöllə yanaşı, digər yerlərə də baş çəkdik. Gördüyümüz gözəllikləri sözlə ifadə etmək çətindi. Amma bir istəyimiz qalıb. Yeddi gözəl şəlaləsini görməmişik. Yığmamızın üzvləri ilə ora da gedəcəyik.

 

- Azərbaycanda əvvəllər də olmusuz?

- Son illərdə olmamışam. Nə ötənilki Dünya Kuboku, nə də Avropa Oyunlarında. İndi burdakıları görəndə təəssüflənirəm. Bakıda hardasa 20 il əvvəl olmuşdum. Bu müddətdə Azərbaycan o qədər dəyişib ki... Yalnız müsbət mənada. Sizdə Qəbələ və Bakıda iki yüksək səviyyəli atıcılıq mərkəzi inşa olunub. Bu idman növü inkişaf edir. Təəssüf ki, bizdə vəziyyət belə deyil.

 

- Qəbələdəki atıcılıq mərkəzini Rusiyadakılarla müqayisə edə bilərsiz?

- Ölkəmiz böyük olsa da, Qəbələ ilə müqayisə oluna biləcək iki kompleksimiz var. Bunlardan biri Moskva ətrafında, digəri Kazandadı. Sonuncu da Universiada üçün inşa olunub. Lakin onlar burda gördüklərimlə müqayisədə geri qalırlar. Bu sahədə hələlək Rusiya Azərbaycana çatmağa çalışır. Nə etmək olar, buna çalışarıq.

 

- Necə düşünürsüz, belə razı qaldığınız idman qurğusunda digər böyük yarışlar keçirmək mümkündümü?

- Qəbələ dünya çempionatı istisa olmaqla, istənilən yarışı keçirə bilər. Çünki kompleks hər mənada müasir tələblərə cavab verir. Lakin dünya çempionatında bəzi tələblər var. Orda tirdəki atış zolaqlarının sayı 80 olmalıdı. Burda isə 60 atış zolağı var. Bu məsələni həll etdikdən sonra dünya çempionatını da keçirmək mümkündü.