17:20 14-08-2015
news_image
4547
DİGƏR NÖVLƏR

Olimpiya çempionu: Bu üzdən Qəbələyə tez-tez gəlirik

“Yığmamız Qəbələdə keçirilən Dünya Kubokunda yaxşı çıxış edə bilmədi. Nəticələrimizi heç cür qənaətbəxş hesab etmək olmaz”. Bu sözləri apasport.az saytına açıqlamasında güllə atıcılığında 1988-ci ildə keçirilən Seul Olimpiadasının qalibi, 6 qat dünya, 4 qat Avropa çempionu gürcüstanlı Nino Salukvadze deyib.

 

46 yaşlı veteran idmançı karyerasını davam etdirməklə yanaşı, həm də tapança növü üzrə Gürcüstan millisinin baş məşqçisidi. Komandası ilə birlikdə Qəbələdə keçirilən dünya kubokuna gələn Salukvadze nəticələrdən narazı qalıb. Tapança ilə 25 metrdən atəş açmaqda 15-ci, 10 metrdən atəş açmaqda 31-ci olan atıcı öz nəticəsini də qənaətbəxş saymır. O, yalnız 30-cu yerlə kifayətlənən oğlu Sotne Maçavarianinin göstəricisini qənaətbəxş sayır: “Atıcılarımızdan yalnız Sotne Maçavariani öz nəticəsini göstərə bildi. Özüm də daxil olmaqla, digər idmançılarımız zəif çıxış etdi. Qarşıdakı yarışlara hazırlaşıb, daha yaxşı çıxış etməyə çalışacağıq”.

 

Qəbələdəki şəraitdən məmnun qalan Salukvadze yarışın təşkilatçılığını da dəyərləndirib. O, belə ideal şəraiti olan atıcılıq mərkəzinə yaxın olan yerdə yaşadıqlarına şad olduğunu da bildirib: “Qəbələdəki atıcılıq mərkəzi çox yüksək səviyyədədi. Elə Dünya kubokunun təşkilatçılığı haqda da eyni sözləri deməliyəm. Bizim üçün yaxşıdı ki, Tiflis Qəbələyə yaxındı. Gürcüstanda atıcılıq idmanı üçün yer yoxdu. Bu üzdən tez-tez Qəbələyə gəlib, burda məşq keçirik.”.

 

Qeyd edək ki, Salukvadze ümumilikdə Olimpiya Oyunlarında 3 (1 qızıl, 1 gümüş, 1 bürünc), dünya çempionatlarında 9 (6 qızıl, 2 gümüş, 1 bürünc), Avropa çempionatlarında 12 (4 qızıl, 4 gümüş, 4 bürünc) medal qazanıb.