10:17 17-08-2015
news_image
2057
TOP OYUNLARI

Yığmamızın sabiq hücumçusuna görə Rusiya klubuna vaxt verildi

Avropa Voleybol Konfederasiyası (CEV) qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq kapitanı Natalya Məmmədovanın Rusiyanın “Omiçka” klubundan şikayətinə baxıb. Apasport.az saytının məlumatına görə, qurum rusiyalıların 2014-cü ilin yayında Omsk təmsilçisini İsveçrə “Volero”suna dəyişən hücumçuya olan borcunu ödəməsi haqda qərar çıxarıb.

 

CEV “Omiçka”ya sentyabrın 4-dək vaxt da verib. Belə ki, şimallılar 28 min avroya yaxın məbləği bu tarixədək ödəməsə, qitə voleybol qurumunun sanksiyaları ilə üzləşəcək. Konkret olaraq, klubu legionerlərin transferinə qadağa qoyulması təhlükəsi gözləyir.

 

Bunu Məmmədovanın maraqlarını qoruyan şirkətin prezidenti Boyan Simurina açıqlayıb. O bildirib ki, CEV-in Mübahisələrin Həlli Palatası FİVB-in tribunalı və Lozanna İdman Məhkəməsinin qərarlarını əsas gətirərək, Omsk klubunu borcunu ödəməyə təhkim edib: “Bu məbləğ klubun Natalyaya olan borcu, həmçinin ödənilməyən pula görə bir il ərzində hesablanan faizin cəmidi. Sentyabrın 4-dək klub ödənişi tamamlamasa əcnəbi oyunçuların transferinə qadağa qoyulacaq. Bunun ardınca isə digər sanksiyalar tətbiq ediləcək”.

 

Qeyd edək ki, bu qərar “Omiçka” ilə yanaşı, Ümumrusiya Voleybol Federasiyasına da göndərilib.