19:10 18-08-2015
news_image
1572
DÖYÜŞ NÖVLƏRİ

Hacıağa Hacıəhmədov: Uşaqların bu etirazından sonra bəlkə kimsə onları eşidər - MÜSAHİBƏ

Cüdo üzrə gənclər millimizin üzvləri dünən etiraz aksiyası keçiriblər. Apasport.az saytının məlumatına görə, buna səbəb Azərbaycan Cüdo Federasiyasının artıq beynəlxalq yarışlar üçün maliyyə ayırmamasıdır.

 

Məsələ burasındadı ki, federasiya yeniyetmələrdən sonra gənclər yığmamızın üzvlərini də qarşıdakı Avropa və dünya birinciliklərinə aparmaq fikrində deyil. Cüdoçular isə bu duruma narazılıqlarını dilə gətiriblər. Məsələ ilə bağlı gün ərzində federasiyanın səlahiyyətli şəxsləri ilə əlaqə saxlasaq da, onların bəziləri danışmaq istəmədi, bəzilərinin isə ümumiyyətlə, ölkə xaricində olduğunu öyrəndik. Biz də millimizin baş məşqçisi Hacıağa Hacıəhmədovla söhbətləşmək qərarına gəldik. Əməkdaşımızın suallarını cavablandıran baş məşqçi vəziyyətin, həqiqətən də, acınacaqlı olduğunu etiraf etdi.

 

- Cüdoda yaranmış maliyyə problemi nə vaxtdan başlayıb?

- Bu yaxınlarda yeniyetmələr arasında Avropa və dünya çempionatları keçirildi. Hər ikisində federasiya maliyyələşdirə bilmədi. Nəticədə idmançılar öz ciblərindən pul qoyub yarışa getdilər. Bir adamın ümumi xərci təxminən 1200-1300 avro tutur. Uşaqlar bu qədər pulu hər dəfə hardan tapsınlar? Qarşıda gənclər arasında da Avropa və dünya çempionatı olacaq. Bunun üçün də maliyyə ayıra bilmirlər. Hamı mənim üstümə gəlir ki, problemi yoluna qoyum. Axı mənim bankım yoxdu. Mən bu vəziyyətdə nə edə bilərəm? O qədər problem var ki, adam bilmir nə eləsin.

 

- Yeganə problem səfər xərclərinin ödənilməməsidi?

- Bəli, maaşla bağlı bir problem yoxdu. Vaxtlı-vaxtında maaşlar verilir. Fevral ayında bununla bağlı problem yaranmışdı, onu da yoluna qoydular.

 

- Analoji durumun əsas yığmaya da sirayət edəcəyindən narahat deyilsiz?

- Hələ ki, böyüklərdə heç bir problem yoxdu. Təlim-məşq toplanışına yollanmışdıq. Qarşıda dünya çempionatı var. Ondan sonra necə olacağını deyə bilmərəm.

 

- Cüdoçular etiraz əlaməti kimi dünən aksiya keçiriblər. Baş məşqçi kimi onlarla görüşünüz olubmu?

- Onlarla nə danışım, onlara necə “səbr edin” deyim? İdmançılar yarışa getməyə tam hazırdılar. Belə vəziyyətdə onları necə təsəlli etmək olar? Sadəcə, bildirdim ki, sizinlə razıyam. Uşaqların bu addımından sonra bəlkə kimsə onları eşidər.

 

- Bəs federasiya rəsmiləri ilə necə, görüşmüsünüzmü?

- Bəli, görüşmüşəm, sözümü də demişəm. Onları başa salıram ki, maliyyə tapmaq lazımdı. Onlar özləri də bu problemləri bilirlər. Biz uşaqları hazırlaşdırırıq, tək istəyimiz onları yarışa aparmaqdı. Bizim Olimpiya çempionlarımız var. Cüdo kimi populyar idman növündə niyə belə problemlər yaranmalıdı? Vallah, mənə heç nə lazım deyil. Sadəcə, çalışdığımız yerdə başımız ağrımasın, öz sistemimizlə işimizi quraq.

 

- Azərbaycan cüdosunun gələcəyini necə görürsünüz?

- Bilirsiniz, yeniyetmələr, gənclər yarışlara getməyəndən sonra hansı gələcəkdən danışa bilərik? Bu uşaqların üzərində düzgün işləməsən, təlim-məşq toplanışları, yarışlar keçirilməsə, irəliləyiş ola bilməz. Birinci sinifdə oxuyan uşaq birdən-birə beşinci sinfə gedə bilər? Pillə-pillə irəliləmək lazımdı. Bu irəliləyiş üçün də yarışlarda iştirak etmək şərtdi. İdmançılar rəsmi yarışlarda öz güclərini sınamalıdılar.

 

- Ümumiyyətlə, son vaxtlar Azərbaycan cüdosunda eniş müşahidə olunur. Bakıda keçirilən I Avropa Oyunlarında da bunun şahidi olduq. Maliyyə probleminin bu enişə nə kimi təsiri oldu?

- Hər şeyin təsiri oldu. I Avropa Oyunlarında bizim səhvimiz daha çox qadın cüdoçulara yer verməyimiz oldu. Belə baxanda bunu səhv də adlandırmaq düzgün olmaz. Düzdü, bəziləri bu yarışda iştirak etməməli idilər. Amma Avropa Oyunları Bakıda keçirildiyindən, düşündük ki, heç olmasa burda onlara şans verək. Çünki heç yerə apara bilmirik. Qadınlardan ibarət komandanı ya dağıtmalıydıq, ya da onlara şans verməliydik. Biz də bilirdik ki, nəticə olmayacaq. Kifayət Qasımova bir ildən çox zədədən əziyyət çəkmişdi.

 

- Amma kişilərin yarışında da cəmi 1 gümüş medal qazana bildiniz...

- Orxan Səfərov 60 kq çəkidə qızıl medal qazanacaqdı. Amma final görüşünün sonuna 40 saniyə qalmış ayaq əzələsi yırtıldı. Sonra onu əməliyyat olunması üçün Türkiyəyə göndərdik. Avropa Oyunlarında iki medal verilirdi. Biri Avropa Oyunlarının, biri də Avropa çempionatının. Şotlandiyada Avropa çempionatı olmalı idi. Onu ləğv edib, Avropa Oyunları ilə birləşdirdilər. Qitənin ən güclü cüdoçuları Bakıya gəlmişdilər. Avropalı cüdoçular da həmişə Yay Olimpiadasında ən güclü olublar. Bizim yığmamız isə indiyə qədər bir Avropa çempionatında ən yaxşı halda 2 medal qazanıb. Yenə də sizinlə razıyam, Avropa Oyunlarında çox medal qazanmalı idik. 73 kq çəkidə yarışan Rüstəm Orucova böyük inamımız var idi, ancaq o, ilk görüşdəcə məğlub oldu. O, dünya reytinqində 1-ci, Elmar Qasımov 2-ci yerdə idi. Elxan Məmmədovu da qeyd etməliyəm. Reytinqdə 1-2-ci olan, gedib turnirlərdə medallar qazanan cüdoçularımız bu dəfə etimadı doğrultmadılar. Bilmirəm yarış vaxtı onlara nə olmuşdu. İdmandı, alınmadı.

 

Ruslan SADIQOV