15:16 24-08-2015
news_image
566
DİGƏR NÖVLƏR

Azərbaycan yığması Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazandı

İtaliyanın Milan şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kayak və kanoe üzrə dünya çempionatı keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan millisi nüfuzlu yarışı 3 olimpiya lisenziyası ilə başa vurub. 

Sonuncu lisenziyaya da kayakçı İnna Osipenko-Rodomska sahib çıxıb. O, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşünü 4-cü yerdə başa vurub. Finişə 41,548 saniyəyə çatan 33 yaşlı idmançı yeni zelandiyalı Liza Karinqton (40,060), polşalı Marta Valçikyeviç (40,700) və ispaniyalı Tereza Porteladan (41,248) geri qalıb. 

Daha öncə Osipenko Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə 5-ci yerin sahibi kimi olimpiadada iştirak hüququna yiyələnib. Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. İndiyədək digər növlər üzrə dünya çempionatlarında birdən-birə 2 olimpiya lisenziyası qazanan olmayıb. Üstəlik, ölkəmiz kayak növündə ilk dəfə olimpiadada təmsil olunacaq. 

Digər tərəfdən, Valentin Demyanenko ardıcıl ikinci dəfə olimpiadada iştirak hüququ əldə edib. 32 yaşlı idmançı dünya çempionatında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə 6-cı yerin sahibi kimi buna nail olub.

Beləliklə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan millisi kayak və kanoe yarışlarında ilk dəfə ən azı 3 medal uğrunda mübarizə aparacaqlar. Amma lisenziyaların sayı daha da arta bilər. Dünya çempionatında lisenziyasız qalan təmsilçilərimiz bunun üçün gələn ilin mayında təşkil olunacaq Avropa təsnifat reqatasında ilk 2 yerdən birini tutmalıdırlar. 


Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı Valentin Demyanenkodan əlavə, 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Sergey Beziqlıy - Maksim Prokopenko dueti təmsil edib. Bu dəfə Bezuqlıyın Aleksey Kupinlə dueti olimpiya məsafəsi sayılan 1000 metr-lik yürüşdə yarımfinal səddini keçə bilməyib. Onlar 500 metr məsafəyə yürüşdə finala çıxsalar da, 5-ci olublar. Ümumi komanda hesabında Azərbaycan millisi dünya çempionatını 130 xalla 86 ölkə arasında 25-ci pillədə başa vurub. Xallardan 71-i kanoeçilərin (Valentin Demyanenko, Taras Matviyçuk, Sergey Bezuqlıy - Aleksey Kupin), 51-i qadın kayakçı İnna Osipenko-Rodomskanın, 8-i isə kişi kayakçı Mirnazim Cavadovun aktivinə yazılıb. 

amaf.az