17:22 31-08-2015
news_image

“Neftçi”nin pəhləvanları “bürünc”lə qayıdırlar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə güləşçilərin dünya birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıblar.

 

"Neftçi İdman Klubu”nun milli komandada təmsil olunmuş yetirmələrindən ikisi dünya birinciliyinin bürünc medalına sahib olub.

 

İlk görüşdə İsrail güləşçisi Gennadi Benoquyev üzərində qələbə qazanan Fazil Həsənov (58 kq) 1/8 finalda amerikalı Yianni Diakomihalisə uduzub. Təsəlliverici görüşlərə qatılan idmançımız əvvəlcə Qırğızıstan pəhləvanı Maksat Talkambayevi, sonra isə ukraynalı Dmitri Mixnyuku məğlubiyyətə uğradıb. Bürünc medal uğrunda Rusiya güləşçisi Soslan Quçakovla üz-üzə gələn Həsənov növbəti qələbəsini qazanıb və birinciliyi 3-cü yerdə başa vurub.

 

Klubun digər yetirməsi Əhliman Quliyev (76 kq) ardıcıl olaraq Misir idmançısı Mahmud Ahmedi və macarıstanlı Botond Lukası məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə Rusiya güləşçisi Aslanbek Qvaramiya ilə bacarmayan Əhliman rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşə çıxıb. Cənubi Afrika Respublikasının təmsilçisi Marais Fredilanla qarşılaşan güləşçimiz inamlı qələbə qazanıb. Üçüncü yer uğrunda mübarizədə Əhliman Quliyev İran pəhləvanı Hamed Manafiana tam üstünlüklə qalib gəlib və dünya birinciliyinin bürünc medalına yiyələnib.

 

Qeyd edək ki, dünya birinciliyinin ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçilərimizdən Ülvi Qənizadə (69 kq) də bürünc medal qazanmışdı.