08:00 01-09-2015
news_image
678
DİGƏR NÖVLƏR

Avarçəkənlərimiz dünya çempionatının 1/4 finalına yüksəlib

Fransanın Eqebelet əyalətində keçirilən dünya çempionatında Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet mübarizəyə başlayıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) çıxış edən cütlük seçmə yürüşdə Sten-Erik Andersen-Kaur Kuslap (Estoniya), Georgi Bojilov - Kristian Vasilyev (Bolqarıstan), Robert Menson - Kris Harris (Yeni Zelandiya), Hüqo Buşeron - Matyö Androdias (Fransa) və Ceyms Makray - Aleksandr Belonoqov (Avstraliya) duetləri ilə yarışıb.

Təmsilçilərimiz finişə 6 dəqiqə 17,11 saniyəyə çataraq, 4-cü yeri tutublar. Bu nəticə ilə onlar Fransa (6:08.80), Yeni Zelandiya (6:10.46) və Avstraliya (6:14.85) cütlükləri ilə birgə 1/4 finala yüksəliblər. Növbəti mərhələ yürüşü sentyabrın 3-də keçiriləcək. 2 nəfərlik qoşa avarlı qayıqla yürüşlərdə ilk "11-liy"ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqdakı təmsilçimiz Cavid Əfəndiyev də 1/4 finala yüksəlib. 25 yaşlı avarçəkən təsəlli yürüşündə yalnız puerto-rikolu Jozef Purmandan 1,84 saniyə geri qalaraq, 7 dəqiqə 13,33 saniyə nəticə ilə 2-ci yeri tutub. Hər iki idmançı növbəti mərhələyə yüksəlib. 1/4 final yürüşləri sentyabrın 2-də olacaq.