11:46 01-09-2015
news_image
7122
TOP OYUNLARI

Ukrayna millisinin üzvü Azərbaycanda oynayacaq

Azərbaycanı CEV kubokunda təmsil edəcək “Azəryol” daha bir voleybolçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən Aleksandr Çervyakovun çalışdıracağı Bakı təmsilçisi bu dəfə Ukrayna millisinin 4-cü zona oyunçusu Anna Stepanyukla müqaviləni rəsmiləşdirib.

 

Yerli “Ximik” klubundan transfer olunan 23 yaşlı istedadlı voleybolçu ilə ilkin olaraq, 1 illik razılıq əldə olunub. 180 sm boya malik Stepanyukun özünü yaxşı tərəfdən göstərəcəyi halda, növbəti mövsümlərdə də komandada qalacağı istisna olunmur.

 

“Ximik”dən öncə “Kontinium”la avrokubokda oynayan Annanın ən böyük uğuru Kvandjudada keçirilən Universiadaya təsadüf edib. Komandasının lideri olan hücumçu yarışın gümüş medalına yiyələnib. Onlar finalda Rusiyaya məğlub olublar. Gənclər arasında Avropa çempionatının da ikincisi adına yiyələnən 4-cü zona oyunçusu yaşının az olmasına baxmayaraq, Ukrayna kubokun da 2 dəfə başı üzərinə qaldırıb. Həmçinin ölkə çempionatında müxtəlif əyarlı medal qazanan Anna Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında da ikinci yeri tutub.

 

Ölkəsinin yeniyetmələr və gənclər yığmalarında oynayan Stepanyuk hazırda əsas komandanın da ilk “altılığı”na namizədlər sırasındadı. Ukraynalının “Azəryol”u seçməsində əsas məqsədi avrokubokda özünü yaxşı tərəfdən göstərməkdi.

 

Qeyd edək ki, Bakı klubu daha öncə Kinqa Kasprjak (Polşa), Stefani Niemer, Janell Saykes, Loren Vayt  (hər üçü ABŞ), Malika Kanzonq (Tailand) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb.