14:56 11-09-2015
news_image
1303
TOP OYUNLARI

Neslihan Demir: Türkiyə qrup lideri olacaq

Qadın voleybolçular arasında Hollandiya və Belçikada keçiriləcək Avropa çempionatında Türkiyə millisinin ulduz voleybolçusu Neslihan Demir Azərbaycan millisinə qarşı oynaya bilməyəcək. Apasport.az saytının məlumatına görə, bunu 32 yaşlı hücumçunun özü təsdiqləyib.

 

O bildirib ki, sentyabrın 26-da start götürəcək yarışa zədə səbəbindən qatıla bilməyəcək: “Lakin bu yığma ilə vidalaşdığım anlamına gəlməli deyil. Bu qərarı federasiya ilə birgə müzakirə etmişik”.

 

Neslihanın sözlərinə görə, Avropa çempionatında Azərbaycan, Macarıstan və Belçika ilə eyni qrupda yer alan Türkiyə lider kimi mərhələ adlayacaq və ən azı finala kimi irəliləyəcək: “İlk mərhələni birinci pillədə bitirəcəyimizə inanıram. Ardınca da digər qruplar formalaşanda yarımfinala kimi Rusiya və İtaliya kimi Avropanın ən güclüləri ilə qarşılaşmayacağıq. Yarışda çox böyük şansımızın olduğunu söyləyə bilərəm. Final qədər irəliləyəcəyimizi düşünürəm”.  

 

Türkiyə millisinin lideri növbəti yarışlarda heyətdə olacağını da vurğulayıb: “16 ildi milli komandadayam. Həyatımın yarışı yığmada keçib. Mənə ehtiyac olduğu vaxta qədər oynamağa davam edəcəm. Olimpiya Oyunlarına getmək Avropa ölkələri üçün çox çətinləşdi. Rio-2016-nın təsnifat mərhələsinə ev sahibliyi edəcəyik. Avropa və dünya çempionatının seçmə mərhələləri var. Bu səbəbdən Hollandiya və Belçikadakı final mərhələsinə qatılmasam da, daha güclü olaraq, geri dönəcəm. İnşallah, qarşıdakı yarışlarda bunu görəcəksiz”.

 

Qeyd edək ki, Türkiyə millisinin Avropa çempionatı üçün açıqladığı ilkin siyahıda Dəmirin adının olmaması müəyyən söz-söhbətlərə yol açmışdı.