14:38 13-09-2015
news_image
4791
STOLÜSTÜ OYUNLAR

“Bəzən şahmatda eyni soyadları eşitmək adamı yorur” – Qata Kamski

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku 2015-də ilk mərhələnin görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, ilk mərhələdə iki görüşün nəticəsinə görə məğlubiyyət acısı yaşayaraq Dünya Kubokunu tərk edənlər sırasında ABŞ təmsilçisi Qata Kamskiy də var.

 

Azərbaycanı tərk etməzdən əvvəl məşhur şahmatçı təəssüratlarını bölüşüb: “Bu dəfə Dünya Kuboku mənim üçün uğurlu olmadı. Düzünü deyim ki, böyük nəticə gözləmirdim. Yarışa istədiyim kimi hazırlaşa bilmədim. Vaxt azlığına görə lazımi hazırlıq olmadı. ABŞ-da bir sıra turnirlərdə iştirak edirəm. Ona görə Dünya Kubokunu erkən tərk etməyim mənim üçün sürpriz olmadı. Şahmat bütün dünyada inkişaf edir, cavan nəsil yetişir. Bəlkə də ilk mərhələni keçmək olardı, bununla belə irəli gedə bilməyəcəkdim”.

 

Dünya Kubokununun təşkilatçılığı barədə danışan Kamskiy yarışın keçirildiyi otel haqda xoş sözlər deyib: “Hər dəfə Bakıda olan təəccüblənirəm. Bu dəfə otelin keçirildiyi binalar məni heyran etdi. Şahmatçılar üçün hər cür şərait yaradılıb. Bizə yaradılan şəraitdən razıyam. Təəssüf ki, bu dəfə Bakını tez tərk edirəm”.

 

Dünya Kubokunun iştirakçıları barədə danışan Qata Kamskiy gənc şahmatçıları xüsusi qeyd etdi: “İstərdim gənc şahmatçılar uğurlu çıxış etsin. Bəzən şahmatda eyni soyadları eşitmək adamı yorur. Axı hər turnirdə eyni adlar qalib gələndə insan üçün adiləşir. Sözsüz reytinq favorit Topalovdur. Lakin mən gənc şahmatçılardan uğur gözləyirəm. Dünya Kubokunu tərk edəndən sonra dostlarıma azarkeşlik edəcəm. Məmmədyarovla Rəcəbovun uğur qazanmasını istərdim. Onlarla uzun müddət eyni komandalarda çıxış etmişik”.

 

Şahmatla bağlı bütün suallara cavab verən ABŞ təmsilçisi yeni saç düzümünün ona xoş olduğunu deyib: “Şahmatdan çox saç düzümümlə bağlı soruşurlar. Uzun müddət qısa saç saxlamışam. İndi isə uzun saçlarım var. Mənə belə xoşdur. Deməli belə olmağı məsləhətdir”. (Dünya Kuboku -2015 mətbuat xidməti)