
Bu gün Bakıda şahmat üzrə Dünya Kubokunun ilk mərhələsində iki oyunda qalibi müəyyənləşməyən cütlüklər arasında tay-brek görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, oktyabrın 4-dək davam edəcək yarışda 45 ölkədən 128 idmançı şahmat tacına iddiaçını müəyyənləşdirəcək.
Mükafat fondu 1,6 milyon dollar olan yarışda Azərbaycan 6 şahmatçı ilə təmsil olunurdu. İki qrossmeysterimiz – Şəhriyar Məmmədyarov və Rauf Məmmədov artıq növbəti mərhələyə yüksəliblər. Vasif Durarbəyli isə yarışı ilk mərhələdə dayandırıb.
Daha 3 şahmatçımız isə ilk iki görüşdən sonra rəqiblərinə üstünlük qura bilmədikləri üçün bu gün rəqibləri ilə tay-brekdə qarşılaşıblar.
Teymur Rəcəbov ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanla münasibətlərinə aydınlıq gətirib. İlk iki oyunda heç-heçə edən Rəcəbov bu dəfə rəqibini tay-brekin hər iki partiyasında məğlub edərək növbəti mərhələyə keçib.
Eltac Səfərli macar şahmatçı Çaba Baloqa məğlub olub. Çox gərgin mübarizə şəraitində keçən qarşılaşmanın tay-breklərində də status-kvo pozulmayınca qalibin adına blits partiyada aydınlıq gəlib.
Eltac ilk oyunda məğlub olaraq ikinci partiyada heç-heçə edib və turnirlə vidalaşıb.
Qədir Hüseynov isə bir oyun qalib gəlib, digər oyunda məğlub olduğu Maksim Matlakovu tay-brekdə hər iki oyunda məğlub edərək mübarizəni növbəti mərhələdə davam etdirmək haqqı qazanıb.
Qeyd edək ki, tay-berk iki partiyadan (hər biri 25 dəqiqə+10 saniyədən ibarət) ibarət olur. Əgər bu dəfə də qalib müəyyənləşməsə növbəti iki partiya (rapid, 10 dəqiqə+10 saniyə) oynanılır.
Bu dəfə də bərabərlik qeydə alınsa artıq iki blits partiya (hər biri 5 dəqiqə+3 saniyə) oynanılır.
Son çarə kimi isə "armaqedon"a müraciət olunur. (Qara fiqurlarla oynayan şahmatçının heç-heçəsi qələbə kimi hesablanır).
Dünya Kuboku
I mərhələ, tay-brek, ilk oyunları
Teymur Rəcəbov (Azərbaycan) - Samuel Sevyan (ABŞ) - 1:0
Eltac Səfərli (Azərbaycan) - Çaba Baloq (Macarıstan) - 0,5:0,5
Maksim Matlakov (Rusiya) - Qədir Hüseynov (Azərbaycan) - 0:1
Tay-brek, ikinci oyunlar
Samuel Sevyan (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 0:1
Çaba Baloq (Macarıstan) - Eltac Səfərli (Azərbaycan) - 0,5:0,5
Qədir Hüseynov (Azərbaycan) - Maksim Matlakov (Rusiya) - 1:0
Blits ilk oyun
Çaba Baloq (Macarıstan) - Eltac Səfərli (Azərbaycan) - 1:0
Blits, ikinci oyun
Eltac Səfərli (Azərbaycan) - Çaba Baloq (Macarıstan)