10:19 14-09-2015
news_image
488
DİGƏR NÖVLƏR

Velosipedçilərimiz üçün uğurlu həftə sonluğu - FOTO

Yola saldığımız həftə Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticələrlə yadda qalıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz Çex Respublikası və İtaliyada təşkil olunan yarışlarda uğurlu nəticələrlə yadda qalıblar.

 

Çexiyada təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı, 3 mərhələdən ibarət "East Bohemia Tour" veloyürüşündə "Synergy Baku" komandasının 6 üzvü - Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Yannis Tamuridis, Markus Eybeger və iyulda Çində aldığı ağır zədəsini sağaldan Aleksandr Surutkoviç iştirak edib.

 

158 km-lik ilk mərhələdə Maksim Averin 6-cı, Yannis Tamuridis isə 8-ci nəticə göstərib. 178 km-dən ibarət sonuncu mərhələdə isə nəticəmiz daha yüksək olub. Belə ki, məsafəni mərhələ qalibindən 6 saniyə sonra başa vuran Matey Müqerli finiş xəttini 2-ci keçib - 4 saat, 13 dəqiqə, 51 saniyə. Markus Eybeger 6-cı, Maksim Averin isə 10-cu olub.

 

Sentyabrın 10-12-də İtaliyada təşkil edilən 2.2 kateqoriyalı "Giro della Regione Friuli Venezia Giulia" veloyürüşündə isə yığma komandalarımızın 4 üzvü - Samir Cəbrayılov, Tural İsgəndərov, Elgün Əlizadə və İsmayıl İlyasov mübarizə aparıb. Yarışın sonuncu, 3-cü mərhələsində 168 km məsafəni 3 saat, 56 dəqiqə, 10 saniyəyə qət edən Samir Cəbrayılov bununla da fəxri kürsünün 3-cü pilləsinə qalxıb.