17:50 15-09-2015
news_image
926
STOLÜSTÜ OYUNLAR

“Rəqibdən fərqli, məndə həyəcan yox idi” – Qədir Hüseynov

“Dünənki oyundan sonra hesabda öndə idim. Amma mənim strategiyam bu turnirdə hər oyunda qələbə qazanmaqdı. Bu gün də qalib gələ bilərdim. Rəqibdən fərqli olaraq, məndə həyəcan yox idi. Çünki bilirdim ki, ən pis halda tay-brekim var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmatçısı Qədir Hüseynov deyib.

 

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsində Çexiya təmsilçisi David Navaraya qalib gələrək növbəti mərhələyə adlayan Hüseynovun iştirakı ilə mətbuat konfransı keçirilib.

 

Növbəti mərhələdə Liren Dinq (Çin) - Ernesto İnarkiyev (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək Q. Hüseynov bununla bağlı da danışıb: “Liren Dinq ilk oyunda qalib gəlib. O, Çinin bir nömrəsi, üstəlik dünyada 7-8-ci şahmatçıdı. İtiriləsi heç nə yoxdu, mübarizə aparıb nəticəni fikirləşmək lazımdı. Əvvəlki mərhələdə rəqiblərim də məndən reytinq baxımından üstün idilər. Amma rəqiblə mübarizə aparmaq lazımdı. Çəkinsən, o özünü rahat hiss edəcək”.

 

Hüseynov qeyd edib ki, karyerasında ilk dəfədir dünya kubokunda 2 mərhələ adlamağa müvəffəq olub: “Bu yarışa ciddi hazırlaşmışam. Təbii ki, həyəcan var. Amma komanda yarışlarında həyəcan daha çox olur. Mənə verdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına minnətdarlıq etmək istərdim. Bu, karyeramdakı 3-cü Dünya Kubokudu. İlk dəfə çıxış edəndə birinci mərhələni adlaya bilmişdim. Növbəti yarışda Vesli Souya tay-brekdə uduzdum. Birinci dəfədi ki, iki mərhələ keçirəm. Bununla kifayətlənmək fikrim yoxdu. Çalışacağam ki, daha da irəliləyim”.

 

Sabah istirahət edəcək şahmatçımız vaxtının müəyyən hissəsini ailəsi ilə birgə keçirmək istədiyini vurğulayıb: “Oğlumu görmək istəyirəm. Artıq 3 gündü ki, onu görmürəm və çox darıxmışam. Sabah ailəmin yanında olmaq istəyirəm. Həmçinin 1/16 finala ciddi hazırlaşmalıyam. Ata olduqdan sonra məsuliyyətim daha da artıb. Müəyyən problemlər var. Onları yoluna qoyduqdan sonra daha yaxşı çıxış edəcəm”.