08:05 16-09-2015
news_image
1103
STOLÜSTÜ OYUNLAR

“Onun imkanlarından aşağı səviyyədə çıxış etdiyini düşünürəm” - Mahir Məmmədov

Fairmont otelində Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədovun mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, jurnalistlərin suallarına cavab verən Mahir Məmmədov ilk olaraq Dünya Kubokunun təşkilatçılığından danışıb.

 

O bildirib ki, mühüm qərarlar 2012-ci ildə İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadası günlərində FİDE konqresində qəbul edilib: “2016-cı ildə şahmat olimpiadası, 2015-ci ildə isə Dünya Kubokunun təşkili Bakıya həvalə edildi. Məlum olduğu kimi, şahmat olimpiadasına ev sahibliyi edəcək ölkə eyni zamanda Dünya Kubokunu da təşkil edir. Bundan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Təşkilat Komitəsinin yaradılmasıyla bağlı sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olundu. Dünya Kubokunu təşkil etmək çətin olmadı. Çünki, artıq Azərbaycanda yüksək səviyyədə infrastruktur yaradılıb. Ölkəmiz təşkilatçılıq baxımından böyük təcrübəyə malikdi. Biz əvvəlcədən istəyirdik ki, bütün mötəbər yarışlar Bakının mərkəzində keçirilsin. Dünya Kubokunun keçirildiyi məkan təsadüfi seçilməyib. Fairmont oteli "Flame Towers"də yerləşir. Bu möhtəşəm binalar paytaxtın yeni simasıdı. Gələn il baş tutacaq şahmat olimpiadası isə Crystall Hall-da keçiriləcək. Bu gözəl tikili Avroviziya və ilk Avropa Oyunlarından hamıya yaxşı tanışdı. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi hər iki yarışın yüksək səviyyədə keçirilməsi üçün çalışır. Bizim komitədə ilk Avropa Oyunlarında çalışan insanlar da işləyir, ümumilikdə ən yaxşı mütəxəssislər cəmləşib”.

Məmmədovun sözlərinə görə, şahmat olimpiadasıyla bağlı 3000-ə yaxın qonağın Bakıya gələcəyi gözlənilir: “İstanbulda Bakının olimpiadaya ev sahibliyi ilə bağlı namizədliyi irəli sürüləndə biz yarışın Dənizkənarı Parkda - bulvar yaxınlığında keçiriləcəyini söyləmişdik. Hazırda həmin ərazidə müasir və geniş otellər fəaliyyət göstərir. Ona görə qonaqların məskunlaşmasıyla bağlı problem olmayacaq".

O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan və 2009-2014-cü illəri əhatə edən şahmatın inkişafı üzrə Dövlət Proqramının icrası barədə də məlumat verib: "Dövlət Proqramı ölkədə bu idman növünün inkişafına təkan verdi. Hazırda Azərbaycanda 70-ə yaxın şahmat məktəbi fəaliyyət göstərir, yeni istedadlar böyüyür. Bütün bunlar isə son Avropa çempionatının qalibi olan Azərbaycan yığmasının xeyrinə olan amillərdi".

Azərbaycan şahmatçılarının Dünya Kubokunda çıxışına gəlincə Məmmədov təmsilçilərimizin oyunu barədə bunları qeyd edib: "Azərbaycan ilk dəfə Dünya Kuboku kimi mötəbər yarışda altı şahmatçıyla təmsil olunur. Dünya Kubokunda daha çox şahmatçımız iştirak edə bilərdi. Amma altı şahmatçımızın olması yüksək göstəricidi. Əvvəlcədən dörd şahmatçımızın ilk mərhələni keçəcəyini düşünürdük. Belə də oldu. Eltac Səfərlinin macar həmkarıyla görüşdə imkanlarından aşağı səviyyədə çıxış etdiyini düşünürəm. Ümumilikdə isə şahmatçılarımız layiqli mübarizə aparır" (Dünya Kuboku mətbuat xidməti).