08:14 16-09-2015
news_image
920
STOLÜSTÜ OYUNLAR

“Rəqibim kişi qrossmeysterlərə başağrısı olub” - Şəhriyar Məmmədyarov

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, ağ fiqurlarla oynayan azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov qadınlar arasında dünya çempionu Xou Yifanla növbəti dəfə heç-heçə oynayıb.

 

Məmmədyarov partiya haqda bunları deyib: "Bu gün qələbə qazanmaq istəyirdim. Oyunun əvvəlində üstünlük qazandım və hücum qurmağa çalışdım. Üstünlüyü hiss edirdim və buna görə sona qədər təzyiq göstərməyə çalışdım. Sadəcə risk etməkdən imtina etdim. Reqlament elədi ki, risk özünü doğrultmaya bilər. Bu mənada risk etsəydim nəticə fərqli də ola bilərdi. Risk etməyərək tay-brekə razılaşdım. Xou Yifan çox yaxşı oynadı. Kişi şahmatçılar kimi əzmkarlıq göstərdi. Bir çox kişi qrossmeysterlərə başağrısı olub. Ona görə onu ciddi rəqib kimi qəbul etmək lazımdı".

Məmmədyarovla Xou Yifan arasında hər iki görüş heç-heçə başa çatdığı üçün qalib tay-brekdə müəyyənləşəcək. Məmmədyarov tay-brekdə qələbə qazanmağa çalışacağını söyləyib: "Sürətli şahmatda bir qədər fərqlidi. Cəld olmaq və tez fikirləşmək lazımdı. Sürətli şahmat üzrə dünya çempionuyam. Buna görə statusumu doğrultmalıyam. Sözsüz istəməzdim hər şey tay-brekə qalsın. Belədə istirahət qazanacaqdım. Bununla belə həlledici görüşdə məsələni həll etməliyəm".