16:27 17-09-2015
news_image
774
DİGƏR NÖVLƏR

Elnur Məmmədli kubok payladı - FOTO

"Neftçi İdman Klubu” tərəfindən keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasının mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, öncə klubun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək iştirakçılara idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından yarışlarda göstərdikləri fəallığa görə minnətdarlığını bildirib və onları qarşıdan gələn neftçilərin peşə bayramı münasibətilə ürəkdən təbrik edib.

 

Ardınca "Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov spartakiadanın gedişatı ilə bağlı fikirlərini bildirərək, neftçilərə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

 

Sonra qaliblərin mükafatlandırılmasına başlanılıb. Kubokları sahiblərinə klubun yetirməsi, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli təqdim edib.

 

Sonda çıxış edənlər spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, "Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, 31 müəssisədən 1239 iştirakçının qatıldığı spartakiadada Heydər Əliyev adına Neft Emalı Zavodu (692,5 xal) ümumi komanda hesabında qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi (637,5 xal) 2-ci, "Neft Daşları” NQÇİ (607,5 xal) isə 3-cü yeri tutub.