18:39 21-09-2015
news_image
1044
DİGƏR NÖVLƏR

Azərbaycan Rio Olimpiadasına daha bir lisenziya qazandı

Azərbaycan kanoe-slalom növündə ilk dəfə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniyanın paytaxtı Londonda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kanoe-slalom üzrə dünya çempionatı keçirilib.

 

Nüfuzlu reqatada Azərbaycanı Yure Meqliç təmsil edib. 31 yaşlı idmançı kişilər arasında 1 nəfərlik kayak qayığı ilə mübarizə aparıb.

 

O, seçmə mərhələdə 83,73 xalla 11-ci yeri tutaraq, yarımfinala yüksəlib. Növbəti mərhələdə Meqliç 95,20 xalla 14-cü olub. Bu nəticə ilə Azərbaycan təmsilçi final mərhələsindən kənarda qalıb. Lakin Meqliç 15 ən güclü kanoe-slalomçu sırasına düşdüyündən, reqlamentə əsasən, olimpiadaya lisenziya qazanıb.

 

Beləliklə, ölkəmiz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında daha bir yeni növ üzrə iştirak hüququna yiyələnib. Azərbaycan Milli Avarçəkmə Federasiyası isə təmsil olunduğu 4 olimpiya növünün hamısında olimpiadaya vəsiqə əldə edib.

 

Daha öncə akademik avarçəkənlər Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet 2 nəfərlik qayıqla 2000 metr, kayakçı İnna Osipenko-Rodomska qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçi Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə lisenziyaya sahib çıxıb.

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)