19:44 21-09-2015
news_image
5653
STOLÜSTÜ OYUNLAR

“Bu oyuna revanş kimi də yanaşmaq olar” – Şəhriyar Məmmədyarov

“Debütə yaxşı hazırlaşmışdım, bilirdim ki, Karuana ağ fiqurlarla mümkün qədər çox təzyiq etməyə çalışacaq. Ona görə də təxmini gedişləri bilirdim, sadəcə rəqibin debütdən çıxmağını gözlədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov deyib.

 

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanmış qrossmeysterimiz ABŞ təmsilçisi Fabiano Karuana ilə əldə olunan heç-heçədən sonra (İlk oyun Məmmədyarovun qələbəsi ilə başa çatmışdı) mətbuat konfransı keçirən zəka sahibi partiya və rəqibi haqqında fikirlərini bölüşüb:

 

“Bir neçə yaxşı ideyam var idi, ancaq “ağlar” rahat oynamağa başlayandan sonra bir yerdə yüngülcə səhv etdim. Kubok oyununun xarakteristikasına uyğun olaraq mənə heç-heçə də kifayət edirdi”.

 

Şəhriyar Məmmədyarov Karuananın 2-ci turda digər azərbaycanlı şahmatçı Rauf Məmmədovu yarışdan kənarlaşdırması və matçın revanş xrarkterli olub-olması ilə bağlı suala isə belə cavab verib:

 

“Rauf mənim komanda yoldaşımdı, ona görə də bu oyuna revanş kimi də yanaşmaq olar. O, Karuanaya qarşı yaxşı oynamışdı, ancaq debütdə bir balaca səhv eləmişdi. Məni də 1/4 finala çıxmağım münasibətilə ilk təbrik edən Rauf oldu”.

 

Sonda isə qrossmeysterimiz növbəti mərhələdəki mümkün rəqibləri haqqında danışıb:

 

“Mənim üçün əsas məsələ son 8 nəfər arasında yer almağımdı. Orada mənim rəqibim kim olacaq, bu o qədər əhəmiyyətli deyil. Həm Andreykin, həm Karyakin beynəlxalq arenada kifayət qədər tanınmış qrossmeysterlərdi. İstənilən halda maksimum nəticə haqqında düşünürəm”.