10:08 23-09-2015
news_image
2126
STOLÜSTÜ OYUNLAR

Veselin Topalov Dünya Kubokunu unutdu: 43 yaş az deyil

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun reytinq favoriti Veselin Topalov turnirin mətbuat xidmətinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı qrossmeyster öncə 1/8 finalda Rusiya təmsilçisi Pyotr Svidlerə məğlubiyyətindən danışıb.

 

O bildirib ki, Dünya Kubokunda hər görüş çətindi: “Hətta lider şahmatçı belə erkən mərhələdə turniri tərk edə bilər. Svidlerlə görüşdə səhvlərim oldu. Bəzi gedişlərin perspektivini düşünmədən qərar verdim. Məğlubiyyətimə üzülmürəm. Hər zaman qalib gəlmək mümkün deyil. Svidler məndən əvvəl Teymur Rəcəbovu məğlub edib. Nəzəri cəhətdən Rəcəbov mənim üçün daha uğursuz rəqibdi. İndiyə qədər cəmi bir dəfə Teymura qalib gəlmişəm. Bir dəfə də o məni məğlub edib. Digər görüşlərimiz heç-heçə başa çatıb. O mənada onunla oynamaq da çətin olacaqdı. Belə reqlamentdə hər mərhələdə bir neçə şahmatçı yarışla vidalaşır. Bu dəfə mən də Dünya Kubokundan ayrılıram".

Topalov iddiaçılar turnirində daha yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib: "Dünya Kubokunda yaxşı nəticə qazanmaq üçün çıxış edirdim. Reytinqə görə onsuz da iddiaçılar turnirində mübarizə aparacam. Belə də FİDE qaydalarına əsasən ya Qran-Pri, ya da Dünya Kubokunda mütləq iştirak etməlisən. Qran-Pridə olmadığım üçün Dünya Kubokunda təmsil olunmağım mütləq idi. Sadəcə gözəl oyun sərgiləmək üçün Bakıya gəlmişdim. İddiaçılar turnirinda tam fərqli hazırlıq və hədəflər olacaq".

Son aylar stabil oyun nümayiş etdirən Topalov karyerasında irəliləyişi belə izah etdi: "Tam olaraq sakitləşmişəm. Hər turnirdən zövq almağa çalışıram. Hərçənd 43 yaş şahmat üçün az deyil. Bu yaşda şahmatdan ayrılan insanlar olub. Müəyyən problemlər zamanı mən də şahmatdan ayrılmağı düşünmüşəm. Bir müddət oynamadım, sonra toparlanaraq sevimli işimlə məşğul olmağa başladım. Fikrimcə hələ bir neçə il yaxşı forma göstərə biləcəm. Əsas odur ki, oyunundan zövq alasan, məcburiyyət olmasın".

Dünya Kubokunun təşkilatçılığı barədə danışan Topalov şahmatçılar üçün hər cür şəraitin yaradıldığını dedi: "Təşkilatçılara təşəkkür edirəm. Dünya Kuboku tarixində ən gözəl turnirlərdən biri oldu. Sözsüz belə şəraitdə oynamaq çox xoşdu. Bakıda bir neçə dəfə olmuşam, hər dəfə xoş təəssüratlarla ayrılmışam. Bu şəhər və insanlar çox gözəldi. Gələn il Bakıda şahmat olimpiadası keçiriləcək. Fikrimcə sizdən sonra olimpiadanı təşkil etmək asan olmayacaq. Bakı növbəti dəfə nümunəvi təşkilatçılıqla hamını heyran edəcək. Bu təşkilatçılığı təkrarlamaq asan deyil".

Gələcək planlarından danışan Topalov SOCAR-Azerbaijan klubunun heyətində növbəti dəfə uğur qazanmaq istədiyini söylədi: "SOCAR-Azərbaycan klubunda çıxışımı davam etdirirəm. Bu mənada yenidən Avropa Kubokunu qazanmaq istərdim. Bu klubda çox güclü heyət formalaşıb. Hər dəfə qalib gəlmək gözəl hisslər yaradır. Dünya Kubokunu tezliklə unudub bütün fikrimi klublar arasında Avropa Kubokuna yönəldəcəm. Noyabrda bizi yeni sınaq gözləyir".