13:05 25-09-2015
news_image
5580
DÖYÜŞ NÖVLƏRİ

Peter Zayzenbaher: Əsas odu ki, komanda onların qayğısına qaldığımızı hiss etsin

“Milliyə Azərbaycan Cüdo Federasiyası tərəfindən dəvət olunmuşam. Burada ikinci dəfə çalışacağım üçün çox xoşbəxtəm”. Apasport.az saytının məlumtına görə, bunu cüdo üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Peter Zayzenbaher deyib.

 

Avstriyalı mütəxəssi bu gün ictimaiyyətə təqdim olunub. Ardınca KİV nümayəndələrinin suallarını cavablandıran Zayzenbaher bildirib ki, artıq komanda ilə görüşüb: “Təbii ki, mütəxəssislərlə görüşməliyəm və bundan sonra proqram tərtib edəcəm. Şəxsi planları burada müzakirə etmək istəmirəm. Düşünmürəm ki, buna ehtiyac var. Əsas odu ki, komanda Oyunlara hazırlaşdığını, onların qayğısına qaldığımızı hiss etsin. Əgər bütün məşqçilər birgə işləsə nəticəyə nail ola bilərik”.

 

Çalışdırıcı ötən il millimizdən ayrılmasına da aydınlıq gətirib. O bildirib ki, federasiyanın əvvəlki rəhbərliyi arasında problem olmayıb: “Peşəkar səviyyədə komanda işi gördük. Hər şey yaxşı idi və yeni formalaşan federasiya qərar qəbul edib ki, komandanı yenə də mən çalışdırım”.

 

Onun sözlərinə görə, qarşıdakı günlərdə 9 aylıq proqram tərtib olunacaq və bu da birbaşa Rio-de-Janeyro Olimpiadasına hesablanıb: “Hələlik bəzi idmançılarla görüşmüşəm. Bəzilərinin zədə problemi var və ilk növbədə bu həll olunmalıdı. Elmi mütəxəssis dəvət olunacaq və qərar əsasında proqram hazırlanacaq”.

 

Zayzanbaher Azərbaycan millisindən ayrıldıqdan sonra şəxsi biznesi ilə məşğul olduğunu deyib. O buna baxmayaraq, cüdo üzrə yarışları da diqqətdə saxladığını vurğulayıb. Baş məşqçinin sözlərinə görə, Beynəlxalq Cüdo Federasiyasının əksər nümayəndələri ilə əlaqələri olduğundan tez-tez müzakirələrdə də iştirak edib.  

 

Müqaviləsinin maliyyə tərəfindən danışmaq istəməyən Zayzanbaher bildirib ki, bu, əvvəlki ilə müqayisədə azdı: “Əgər əvvəllər 25 min dollar barədə məlumat yayılmışdısa, bu dəfə ondan aşağı olacaq”.

 

O, təşəbbüsü ilə cəmi 1 dəfə təşkil olunan klublararası Azərbaycan çempionatını yenidən keçirməkdə maraqlıdı. Baş məşqçi bildirib ki, həmin vaxt regiondan bir komanda gəlmişdi və bu dəfə olacaqsa daha çox klub iştirak etsin.  

 

Zayzanbaher Rio-2016-da 100 kq çəki dərəcəsində iştirak şansı olan Elmar Qasımovla Elxan Məmmədov arasında seçimdən də danışıb. Onun sözlərinə görə, hər çəkidə minimum 2 nəfər olmalıdı və bu şəkildə onlarda sonadək motivasiyanı saxlamaq mümkündü: “Təbii ki, yekunda onlar arasında ən yaxşısı seçilib, Azərbaycanı təmsil etməlidi”.

 

Qeyd edək ki, bu, Peter Zayzenbaherin cüdo yığmamıza ikinci gəlişidi. O, 2012-ci ilin oktyabrından ötən ilin fevral ayına qədər millimizin “sükanı arxasında” olub.