13:13 25-09-2015
news_image

Elmar Babanlı: Olimpiadadan sonra müqavilə müddəti haqda ətraflı danışacağıq

“Qarşıdan Rio-de-Janeyro Yay Olimpiya Oyunları gəlir. Yeni baş məşqçimiz Peter Zayzenbaherlə bu yarışdan sonra müqavilə müddəti haqda ətraflı danışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.

 

Bu gün cüdo üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Peter Zayzenbaher ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində çıxış edən Babanlı avstriyalı mütəxəssislə müqavilənin uzunmüddətli olacağını açıqlayıb. Onun sözlərinə görə, müqavilənin sonrakı müqəddəratı nəticələrdən asılı olmayacaq: “Məşqçinin qarşısına hələlik konkret məqsəd qoyulmayıb. Əsas məqsəd kişilərdən ibarət yığmamızda 7 cüdoçunun Olimpiadaya lisenziya qazanmasıdı. Hazırda reytinq bunlardan 4-ünə imkan verir. Baş məşqçinin planına əsasən digər cüdoçular da xal toplayıb, Rioya getməyə çalışacaqlar”.

 

Federasiyanın vitse-prezidenti Elnur Məmmədli də görüləsi işlərin çox olmasını diqqətə çatdırıb. Olimpiya çempionumuz Rio-2016-ya qazanıla biləcək vəsiqələrdən də danışaraq bildirib ki, uğur qazanmaq üçün bütün addımlar atılacaq: “Əsas məqsəd odu ki, bir ailə kimi işləyib, nailiyyət qazanmalıyıq”.