10:44 28-09-2015
news_image

Boksçularımız üçün Olimpiadaya lisenziya döyüşü

Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start veriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 73 ölkənin 260 idmançısı gücünü sınayacaq.

 

Əvvəlki çempionatlardan fərqli, bu dəfə mundialda dünyanın ən güclüləri mübarizə aparacaq. Avropa Oyunlarında 1-3-cü, Bolqarıstanda keçirilən qitə çempionatında isə 1-6-cı yeri tutanlar Qətərdə təşkil olunacaq yarışa vəsiqə qazanıblar.

 

"Əli Bin Həməd Əl Attiyah" arenada keçiriləcək dünya çempionatı Rio De Janeyro Olimpiadasına lisenziya xarakterlidi. Mundialda iştirak edəcək 260 boksçudan 94-ü Avropanı, 66-sı Asiyanı, 51-i Şimali və Cənubi Amerikanı, 32-si Afrikanı, 17-si isə Okeaniya qitəsini təmsil edir.

 

Dünya çempionatından 23 boksçu Olimpiadaya lisenziya qazanacaq. Hazırkı dünya çempionlarından Lazaro Alvares (Kuba, 60 kq), Daniyar Yeleusinov (Qazaxıstan, 60 kq), Janibek Alimxanulı (Qazaxıstan, 75 kq), Xulio Sezar la Kruz (Kuba, 81 kq) və Məhəmmədrəsul Məcidov (Azərbaycan, +91 kq) titullarını qorumağa çalışacaqlar. Məcidov qalib gəlsə, 3 qat dünya çempionu tituluna yiyələnəcək.

 

49, 52 və 81 kq çəki dərəcələrində 1-2-ci, 56, 60, 64, 69, 75 kq çəki dərəcələrində 1-3-cü, 91 və +91 kq çəki dərəcələrində isə yalnız qaliblər Olimpiadaya vəsiqə qazanacaqlar. 


Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq. Yalnız zədəli Xaybula Musalov (75 kq) Qətərə gedə bilməyəcək.