09:24 30-09-2015
news_image
3457
TOP OYUNLARI

Yığmamızın kapitanı karyerasını başa vurdu

Azərbaycan millisinin kapitanı Oksana Kurt (Parxomenko) karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, Belçika və Hollandiyada keçirilən Avropa çempionatı 31 yaşlı voleybolçu üçün son yarış olub.

 

Kurtun karyerasını bitirməsində yığmanın zəif çıxışının hansısa rolu olmayıb. Təcrübəli toppaylayıcı hələ yarışa yollanmamışdan bu qərarını açıqlamışdı.

 

Bir qədər əvvələ getsək, Oksana DÇ-2014-dən sonra bacısı Yelena Parxomenko ilə birgə milli ilə vidalaşdığını demişdi. Lakin Faiq Qarayevin xahişi ilə yenidən əsas komandaya kömək etməyə qərar verən setter bu dəfə ümumiyyətlə karyerasına bitirib. Bunda əsas səbəb Oksananın xroniki zədələrinin olması və bir çox matçlara ağrıkəsici iynələrlə çıxmasıdı. Ondan fərqli, 33 yaşlı Yelena milliyə dəvət almasa da, daha 1 il “Azəryol”a kömək etdikdən sonra karyerasına nöqtə qoyacaq.

 

Kurt voleybolçu kimi meydança ilə vidalaşmağına baxmayaraq, onun üçün doğma olan “Azərreyl”də işini davam etdirəcək. Əldə etdiyimiz məlumata görə, Oksana “dəmiryolçular”da menecer vəzifəsini icra edəcək. O, bu postda sabiq komanda yoldaşı Yelena Şabovtanı əvəzləyəcək.

 

Qeyd edək ki, 1998-ci ildən milliyə dəvət alan Oksana əsas komandada 200-ə yaxın matçda forma geyinib. O, “Neftyağ” (1999-2000), “Yeşilyurt” (2000-2001, Türkiyə), “Azərreyl” (2001-2007, 2007-2008, 2011-2015 (son 2 mövsümdə komanda “Azəryol” adlanıb)), “Volero” (2007, İsveçrə), “Fənərbaxça” (2008-2009, Türkiyə) və “Dinamo” (2009-2011, Rusiya, Moskva) klublarının şərəfini qoruyub. 3 dəfə Azərbaycan çempionu (2003,      2004, 2005) olan Kurt İsveçrə (2007) və Türkiyə (2009) çempionatlarının qalib adını qazanıb, Rusiya Kubokunu (2009) başı üzərinə qaldırıb. Parxomenko həmçinin “Azərreyl”lə Top-komandalar kubokunun (2002) da qızıl medalına yiyələnib.