10:41 01-10-2015
news_image
721
STOLÜSTÜ OYUNLAR

Sergey Karyakin: Artıq geriyə yol yoxdu

“Elyanovla mübarizəmiz üç gün davam etdi. Bəlkə də bir-birimizi yaxşı tanıdığımıza görə belə oldu. Tay-brekdə müəyyən məqam var idi ki, rəqibim üstünlüyə malik idi. Həmin vaxt ümidimi itirmədim, sona qədər yarışdım. Layiqli qələbə qazanmaqla finala çıxdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya şahmatçısı Sergey Karyakin deyib.

 

Bakıda keçirilən Dünya Kubokunun finalında mübarizə aparacaq Karyakin Dünya Kubokunun mətbuat xidmətinə açıqlama verib.

 

Finala yüksələn Ukrayna əsilli şahmatçı həlledici görüşdə Rusiyanın digər təmsilçisi Pyotr Svidlerlə qarşılaşacaq. Karyakin bu görüşün asan olmayacağını söyləyib: “Artıq iddiaçılar turnirində iştirak edəcəyim dəqiqləşib. Lakin indi məni Dünya Kubokunu qazanmaq düşündürür. Finalda mübarizə tam fərqli olur. Artıq geriyə yol yoxdu. Hər ikimiz finalda mübarizə aparırıq. Amma Dünya Kuboku ikimizdən birinin olmalıdı. Əsas məqam tələsməməkdi. Bir səhv duelin taleyini həll edə bilər. Bakıda yarışdığım günlərdə Moskvada olan həyat yoldaşım çıxışımı izləyir. İstərdim ki, turnirdə qələbə qazanmaqla onu sevindirim”.

 

Dünya Kubokunun finalçısı yarışın təşkilatçılığı barədə də fikirlərini bildirib: “Azərbaycanda məni təəccübləndirmək çox çətindi. Çünki Bakıda və Şəmkirdə yarışlarda iştirak etmişəm. Lakin bu dəfə turnirin yerləşdiyi gözəl otelə valeh oldum. Bakı hər il dəyişir. Təşkilatçılıq barədə yalnız xoş sözlər deyə bilərəm. Artıq indidən söyləmək olar ki, gələn il baş tutacaq şahmat olimpiadası da şahmat tarixində ən yaxşı təşkilatçılıqla yadda qalacaq”.