10:05 12-10-2015
news_image
3318
FUTBOL

İsgəndər Cavadov: 1 xal cibimizdədi, ancaq qələbə olmalıdı - MÜSAHİBƏ

AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun apasport.az saytına müsahibəsi

 

- AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızın İtaliyadan xal alacağı inandırıcı görünmürdü. Bəs komandamızın həmin matçda sərgilədiyi oyundan necə, razı qaldızmı?

- Yığmamızın oyunu yavaş-yavaş düzəlir. Klublarda da uşaqlar yaxşı oynayırlar. Düzdü, İtaliya güclü rəqibdi. Ancaq onlarla oynamaq olardı. Sadəcə, irəlidə pressinq tətbiq etmək, aktiv olmaq lazım idi. Belə komandalar qol buraxanda özlərini itirirlər. Çünki inanmırlar ki, Azərbaycan kimi komandalar onlara qol vuralar. Bizimkilər hesabı bərabərdirəndən sonra arxaya çəkildilər. İtaliya da bunda istifadə edib, daha 2 qol vurdu və qələbə qazandı. Təbii ki, onların ustalıq səviyyəsi də başqadı. Yəni səviyyə fərqi öz sözünü dedi.

 

- Millimizin seçmə mərhələdəki ümumi çıxışını necə qiymətləndirirsiz?

- Robert Prosineçki seçmə mərhələnin yarısında gəldi. Ondan əvvəl komandanın baş məşqçisi Berti Foqts idi və onun rəhbərliyi altında xal qazana bilməmişdik. Prosineçkidən hazırda güclü nəticə tələb etmək də olmur. Çünki ona da vaxt lazımdı. Pis məşqçi deyil.

 

- Yığmanın hazırkı heyəti ilə bağlı fikriniz necədi?

- Ola bilər ki, bizə yeni, gənc futbolçular lazımdı. Həm müdafiədə, həm də hücumda çətinlik var. Vaxt lazımdı.

 

- Hücumçu olmusuz. Hazırda yığmanın bu mövqeyində Ruslan Qurbanov çıxış edir. Qurbanov millinin hücum xəttindəki problemi aradan qaldıra biləcək oyunçudu?

- Futbol sistematik oyundu. Qapıçıdan hücumçuya qədər hər oyunçu öz funksiyasını yerinə yetirməlidi. Hücumçu meydana ona görə çıxmır ki, elə-belə sağa-sola qaçsın. Hücumçu oyunu yaşamalı, irəlidə yıxılmalı, dartmalı, rəqibin müdafiəçiləri ilə çəkişməli, mübarizə aparmalıdı. Belə-belə hücumçu komandanı yavaş-yavaş irəli aparır. Mən özüm futbolçu vaxtımda cərimə zərbəsi, penalti qazananda komanda yoldaşlarıma da inam gəlirdi. Onda rəqibin müdafiəçiləri də qorxurlar. Bizdə belə hücumçu yoxdu. Yəni meydana sadəcə çıxmaq yox, həmin oyunu yaşamaq lazımdı. Millimiz İtaliya ilə görüşdə ilk dəfə idi ki, Olimpiya Stadionunda oyuna çıxırdı. Xalq gəlmişdi komandamızın görüşünə baxmağa. Buna görə də, futbolçular oyunu yaşamalı idilər. Bizdə elə yüksək səviyyəli hücumçu yoxdu. Bu baxımdan Prosineçki çətinlik çəkir. Müdafiədə də problemlər var. Rəşad Sadıqov yavaş-yavaş qocalır. Gələcəkdə milliyə təzə müdafiəçilər gəlməlidi.

 

- Yeri gəlmişkən, Rəşad Sadıqov Bolqarıstanla oyundan sonra yığma karyerasını bitirə bilər. Necə düşünürsüz, Rəşadın millidən getməyinin vaxtıdı, ya hələ tezdi?

- Onun vaxtı gəlib, getməlidi. Bunu Rəşadın özünə də demişəm. Sadıqovu təbrik edirəm. Artıq o səviyyəyə gəlib çatıb, yığmada 100 oyun keçirib. Bu, Azərbaycan futbolunda böyük uğurdu. Rəşad yaxşı futbolçu olmaqdan əlavə, həm də şəxsiyyətdi.

 

- Tutaq ki, Rəşad Sadıqov milli karyerasını bitirdi, onu kim əvəzləyəcək?

- Bu, baş məşqçidən asılıdı. Amma bizdə Rəşad Sadıqov səviyyəsində oyunçu yoxdu. Buna baxmayaraq, gənc futbolçulara güvənmək lazımdı ki, çıxıb oynasınlar. Futbolumuz daha da inkişaf etməlidi. Hazırda “Qarabağ” və “Qəbələ” komandaları Avropa Liqasının qrup mərhələsində çıxış edirlər. Bu, yaxşı haldı. Ancaq bizə lazımdı ki, 3-4 komanda Avrokubok oyunlarında iştirak etsin. Onda futbolçularımızın təcrübəsi də artar. Onda bizdə nəticə olacaq. Elə səviyyəyə salmaq lazımdı ki, Avrokubok oyunlarında əcnəbilərdən çox, özümüzünkülər oynasınlar. Klub rəhbərləri bu məsələnin üzərində işləməlidilər.

 

- Millimiz sabah Bolqarıstanla üz-üzə gələcək. Bu görüşdə hansı nəticəyə ümid edirsiz?

- Bolqarıstan İtaliya səviyyəsində deyil. Onların baş məşqçiləri üçün Azərbaycanla oyun yığmadakı sonuncu matç olacaq. Sofiyadan qələbə ilə qayıtmaq şansımız var. Komandamızda Bolqarıstana uduzmaq fikri olmamalıdı. Qələbə qazanmalıyıq ki, gələn seçmə mərhələdə “nastroy” daha da yaxşı olsun. Mən deyərdim ki, 1 xal cibimizdədi, ancaq qələbə olmalıdı. Biz seçmə mərhələdə daha yaxşı nəticə göstərmək üçün əvvəldən xallar yığmalı idik. Uğurlu startdan sonra komandada özünəinam artır və daha çox xal toplamağa başlayırsan.

 

Tengiz MƏMMƏDOV / Sofiya