14:15 16-10-2015
news_image
3702
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionumuz: Hər 2 məqsədimə çatdım - MÜSAHİBƏ

Qətərin paytaxtı Doha keçirilən boks üzrə dünya çempionatının qalibi Elvin Məmişzadənin (52 kq) apasport.az saytına müsahibəsi

 

- Son 3 dünya çempionatında uğurlu ənənə davam edir. Mundiallarda çempionluq seriyamızın qırılmamağına bu dəfə siz səbəbkar olduz. Dünyanın ən güclüsü kimi təəssüratlarınız necədi?

- Sevincimin həddi-hüdudu yoxdu, böyükdü. Azərbaycanda 4-cü dünya çempionuyam. Yəni belə qələbələr barmaqla sayılacaq qədərdi. Bu siyahıda olmağım həqiqətən mənim üçün böyük sevincdi. Sözlərlə bunu ifadə edib, fikrimi çatdıra bilmirəm.

 

- Hansı görüşünüzü xüsusi fərqləndirə bilərsiz?

- Deyərdim ki, final döyüşüm çətin alındı. Digər qarşılaşmalarımda ciddi rəqabətlə üzləşmədim, asan keçdi.

 

- Finalda kubalı Yosbani Veytianı nəyin hesabına məğlub etdiz?

- Məşqçilərimizin verdiyi düzgün taktikanın. Fikrimcə, onun məsləhətlərini lazımınca yerinə yetirdim.

 

- Komanda yoldaşın Albert Səlimov da həlledici görüşdə kubalı idmançı ilə üz-üzə gəldi. Amma Lazaro Alvareslə döyüş onun üçün uğurlu alınmadı. Sizcə Səlimovun uduzmasına nə səbəb oldu?

- Onun bəxti gətirmədi. Sadəcə, görüşün gedişində qaşı açıldı. Əgər bu xoşagəlməz hadisə yaşanmasaydı, tam fərqli nəticə qeydə alınacaqdı. Fikrimcə, Səlimov da qələbə qazanacaqdı.

 

- Yarımfinalda əlcəzairli Muhammed Flissini texniki nokautla məğlub edərək, Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazandız. Bu lisenziya sizdə hansısa arxayınçılıq yaratmamışdı ki?

- Belə deməzdim. Hər yarışa məhz çempionluq üçün hazırlaşırsan. Mən də Dohaya gedəndə qarşıma lisenziya və qızıl medal qazanmaq hədəfi də qoymuşdum. Şükürlər olsun ki, hər 2 məqsədimə çatdım.

 

- Gələn il keçiriləcək Rio-de-Janeyro Olimpiadasına fərqli hazırlaşacağını demək olarmı? Avropa Oyunlarını, ardınca dünya çempionluğunu qazandız. Ümumiyyətlə qarşıdakı planlarınız nədi?

- Hələlik komanda istirahətə buraxılıb. Baş məşqçinin məsləhətindən sonra planlarımızı biləcəyik. Təbii ki, Olimpiadaya da çox ciddi hazırlaşacağam və məqsədim uğurlu çıxışları davam etdirməkdi.