09:11 20-10-2015
news_image

Peter Zayzenbaherin gəlişinin bəhrəsi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə”nin yekunlarına əsasən açıqlanan siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu saymaq olar.

 

Ötən ayla müqayisədə aparıcı cüdoçularımızdan cəmi 1-i geriləyibsə, 4 həmyerlimiz mövqeyini yaxşılaşdırıb, 3-ü yerini qoruyub. Belə ki, “Böyük Dəbilqə”nin gümüş medalçısı Rüstəm Orucov (73 kq) yenə bütün rəqiblərindən öndədi. Aktivinə 300 xal əlavə etməklə 2207-yə çatdıran idmançımız ikinci yerdə qərarlaşan Saqi Mukini (İsrail) nə az, nə çox - 403 xal qabaqlayır.

 

Elmar Qasımov da 100 kq çəki dərəcəsində yenə birincidi. Parisdə 5-ci olan və bununla daha 100 xal qazanan (2330) Avropa Oyunlarındakı bayraqdarımız mövqeyini daha da möhkəmlədib.

 

Peter Zayzenbaherin gəlişindən sonra özünə inamı qaytaran millinin digər üzvlərindən Orxan Səfərov (60 kq) 2-ci, Elxan Məmmədov (100 kq) 22-ci pillədəki yerini qoruyub. Həmçinin İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Tərlan Kərimov (66 kq) və yarışa qatılmayan Kifayət Qasımova (57 kq) isə irəliləyib. Onlar müvafiq olaraq, 24-cü (+1), 7-ci (+1), 33-cü (+2) və 60-cı (+1) pilləyə yüksəliblər.

 

Komandamızda yalnız yeganə legionerimiz Uşqanqi Kokauri (+100) geriləyib. O, 39-cu yeri “40”a dəyişib.

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.