10:58 20-10-2015
news_image
1317
TOP OYUNLARI

Yığmamız 23 pillə irəlilədi

Beynəlxalq Voleybol Federasiyası (FİVB) kişi komandaları arasında reytinq cədvəlini yeniləyib. Apasport.az saytının məlumatına görə, qitə çempionatlarının yekununa əsasən tərtib olunan siyahı Azərbaycan millisi üçün uğurlu olub.

 

Belə ki, Avropa Oyunları ərəfəsində yenidən formalaşan və Bakı-2015-də qüvvəsini sınayan yığmamız birdən-birə 23 pillə irəliləyib. Aktivində 7 xalı olan Bülənt Karslıoğlunun yetirmələri yeni cədvəldə 102-121-ci yerlərə deyil, 79-102-ci pillələrə şərik olub.

 

Bu siyahıda Azərbaycan voleybolçuları kimi Livan, İraq, Özbəkistan, Əfqanıstan, Myanmar, Honq-Konq, Maldiv adaları, Vyetnam, Qabon, Qana, Seneqal, Zambiya, Dominikan Respublikası, El-Salvador, Nikaraqua, Sent Vinset və Qrenadin, Avstriya, İsrail, Latviya, Lüksemburq, Moldova, Norveç və Şotlandiya da 7 xala malikdi.

 

Cədvəldə ən çox irəliləyən Uruqvay, ən çox geriləyən isə Liviya olub. Cənubi amerikalılar 82 rəqiblərini qabaqlayıbsa, afrikalılar 75 pillə aşağı düşüblər.

 

Reytinq cədvəlinə yenə Braziliya başçılıq edir. Onlar 330 xalla ikinci pilləyə yenicə yüksələn Polşanı 44 xal qabaqlayırlar. Yerini şərqi avropalılara təhvil verən Rusiya millisi isə 274 xalla “üçlüyü” qapayır.