19:34 28-10-2015
news_image
5231
TOP OYUNLARI

Avrokuboka uğurlu start - “Azərreyl” "Ştutqart"ı darmadağın etdi

Bu gün “Azərreyl” mövsümün ilk rəsmi matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ilə Çempionlar Liqası ilə start veriblər.

 

Bülənt Karslıoğlunun rəhbərlik etdiyi komanda qrup mərhələsinin ilk turu çərçivəsində Almaniyanın “Ştutqart” klubunu sınağa çəkib. Millimizin aparıcı oyunçuları və təcrübəli legionerlərlə güclənən “Azərreyl”in Çempionlar Liqasının debütantına set vermədən qalib gəlib.

 

Belə ki, oyun komandamız üçün uğurlu başlamasa da, quru hesablı qələbə ilə yekunlaşıb. İlk hissənin birinci texniki fasiləsinə 3 top geridə çıxan “Azərreyl” ardınca hesabda önə keçsə də (10:9), üstünlüyü qoruya bilməyib – 15:16. Lakin ikinci texniki fasilədən sonra Bülənt Karslıoğlu yetirmələrinin oyununda dönüş yaratmağı bacarıb. Almanlar nə qədər çalışsalar da, hissənin sonuna kimi cəmi 2 xal qazanıblar. Əvəzində 10 dəqiq zərbə ilə fərqlənən voleybolçularımız seti aktivinə yazıb.

 

İkinci hissə komandamızın üstünlüyü şəraitində keçib. “Azərreyl” ilk texniki fasiləyə 5 top irəlidə çıxıb və ardınca fərqi daha da artırıb. Amma setin sonlarında rəqibin özünə gəlməsi təmsilçimiz üçün çətin anlar yaşadıb. Buna baxmayaraq, yerli azarkeşlərinin dəstəyi Bakı klubuna kömək olub və onlar “Ştutqart”ı 25:23 hesabı ilə məğlub ediblər.

 

Üçüncü set isə matçın hesabını müəyyənləşdirib. Düzdür, hissənin əvvəlində məğlubiyyətlə barışmaq istəməyən qonaqlar ciddi müqavimət də göstəriblər – 8:4, 16:15. Amma yenə ikinci texniki fasilə komandamız üçün dönüş anı olub. “Azərreyl” seti bu dəfə 7 top irəlidə bitirib – 25:18.

 

Beləliklə, Azərbaycan avrokubokların 2015/2016 mövsümünə qələbə ilə başlayıb. İlk 3 xalı qazanan “Azərreyl” II turda Bakı “Lokomotiv”i ilə oynayacaq.

 

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

28 oktyabr

A qrupu

“Azərreyl” (Azərbaycan) – “Ştutqart” (Azərbaycan) - 3:0 (25:18; 25:23; 25:18)

Hakimlər: Katarjina Sokol (Polşa), Tumas Murilo (Estoniya)

Bakı, Voleybol Mərkəzi