11:20 02-11-2015
news_image

Cüdo millimiz üçün təsəlli – 7-ci yer

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdoçular arasında keçirilən “Böyük dəbilqə” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günündə tatamiyə çıxan 4 idmançımız da komandamızın “medal orucu”nu poza bilməyib.

 

Belə ki, millimizin üzvlərindən Ramin Qurbanov (90 kq) ilk döyüşdəcə hindistanlı Avtar Sinqə uduzaraq, mübarizəni dayandırıb. Avropa Oyunlarında bayraqdarımız olan Elmar Qasımov (100 kq) da eyni uğursuzluğu yaşayıb. O, startda Domeniko Di Quida ilə bacarmayıb.

 

Qasımovdan fərqli, 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elxan Məmmədov 1/4 finala kimi irəliləyib. Lakin yarımfinala gedən yolda Cavad Manjouba (İrlandiya) uduzan dünya çempionumuz təsəlliverici qarşılaşmada da qələbə qazana bilməyib. O, bu dəfə belçikalı Toma Nikiforova məğlub olub və 7-ci yeri tutub.

 

+100 kq çəki dərəcəsindən ölkəmizi təmsil edən Uşanqi Kokauri də Qurbanov və Qasımov kimi mərhələ adlaya bilməyib. Cüdoçumuz polşalı Makyej Sarnaçkiyə uduzub.

 

Qeyd edək ki, bu 4 idmançımızdan öncə daha 7 cüdoçumuz da mükafatçılar sırasına düşə bilməmişdi.