16:15 04-11-2015
news_image
2846
TOP OYUNLARI

“Azərbaycanlı məşqçilərdən nəsə öyrənməyimiz xeyrimizə olar” - MÜSAHİBƏ

Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçuanın apasport.az saytına müsahibəsi

 

- 2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatına Azərbaycan və Gürcüstan birgə ev sahibliyi edəcək. Yarışa hazırlıqlara start vermisizmi?

- Ölkəmizin ən güclü klubu olan “Tbilisi” Azərbaycan çempionatında çıxış edəcək. Yığmamızın əsasını təşkil edən paytaxt təmsilçisinin Super Liqanızda mübarizə aparması məhz Avro-2017 üçün güclü kollektiv formalaşdırmağa hesablanıb. Biz özümüz Azərbaycan Voleybol Federasiyasına müraciət edib, onlardan xahiş etdik ki, komandamızın çempionatda çıxışına imkan yaratsınlar. Bu voleybolçularımızın təcrübə toplamasına yardım edəcək. Voleybolçularımız Super Liqada oynayacaq ulduzlarla birgə inkişaf edəcək, onlardan çox şey öyrənib, artıracaqlar.

 

- Bəs Avropa çempionatına təşkilatı baxımından hansı işləri görürsüz?

- Komanda ilə birlikdə mən də Bakıya gələcəm. Bununla bağlı federasiyalar arasında görüşlər olub. Noyabrın 6-da komandamızla birgə ölkənizə gəlirəm. Səfər çərçivəsində federasiya rəhbərliyi ilə müzakirələrimiz reallaşacaq. Onlarla əvvəl də danışdığımız məsələlərin detalların təhlil edəcəyik.

 

- Təbii ki, Azərbaycan Voleybol Federasiyası bu sahədə təcrübəlidi. Onlar sizə hansı köməkliyi edəcək və ya federasiyamızın hansı məsləhətlərindən faydalanacaqsız?

- Federasiyanızın bizə çox köməyi dəyir. Xüsusilə də təşkilatı məsələlərdə. Azərbaycanda olacağım müddətdə bu barədə yenə danışacağıq.

 

- Danışıqlar zamanı Gürcüstan və Azərbaycan milliləri arasında yoxlama matçlarının keçirilməsi də müzakirə oluna bilərmi?

- Hazırda belə görüşlər planlaşdırmırıq. Amma düşünürəm ki, belə oyunların keçirilməsində problem olmaz. Hələ qarşıda 2 ilə yaxın vaxt var və ola bilsin həmin ərəfədə yığmalar üz-üzə gəlsin. Bu məsələni razılaşdıra bilərik. Hələlik isə bir klubumuzun çempionatınızda çıxışına yönəltmişik. “Tbilisi”nin Azərbaycan çempionatında oynaması bizim voleybolumuzun da inkişafına kömək etməlidi.

 

- Azərbaycanda yaxşı mütəxəssislər və məşqçilər var. Onların Gürcüstana dəvət olunması necə gündəmdədi?

- Bəli, bu barədə məlumatlıyıq. Gələcəkdə onlardan bəzilərini dəvət etməyimiz istisna deyil. Hazırda yığmamızın məşqçisinin işini normal qiymətləndirirəm. Lakin böyük təcrübəyə malik azərbaycanlı məşqçilərdən nəsə öyrənməyimiz də yalnız xeyrimizə olar.

 

- “Tbilisi”nin Azərbaycan Super Liqasında çıxışı Gürcüstan çempionatındakı mübarizəsinə mane olmayacaq ki?

- Bu klub Gürcüstan çempionatında da oynayacaq. Azərbaycanda isə Super Liqada müsabiqədən kənar mübarizə aparacaq. Bizim çempionatın güclülər dəstəsində 6 komanda var. “Tbilisi” də bu yarışın son qalibidi. Onların ölkə xaricində oynayıb təcrübə yığmaları, daxili arenadakı mübarizəsinə mane olmayacaq.