15:53 05-11-2015
news_image
2534
TOP OYUNLARI

Azərbaycanda yeni çempion olacaq!

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında sükuta son qoyulacaq. Apasport.az saytının məlumatına görə, 208 gündən sonra çempionatın 2015/2016 mövsümünə start veriləcək.

 

Yarışda bu dəfə 6 klub – “Telekom”, “Lokomotiv”, “Azərreyl”, “Azəryol”, “Tbilisi” (Gürcüstan) və Gənclər yığması çempion adı uğrunda mübarizə aparacaq. Çempionatın 8 qat qalibi “Rabitə” maliyyə problemi səbəbindən fəaliyyətini dayandırdığından ilin sonunda yeni qalibin olacağı sözsüzdü.    

 

Super Liqa son illərlə müqayisədə heç də gərgin mübarizə vəd etmir. Çünki Bakı klubları əvvəlki kimi yalnız ulduzlardan təşkil olunmayıb. Düzdü, Azərbaycan millisinin əsasını təşkil edən “Azərreyl”in, əsasən əcnəbilərin yer aldığı “Lokomotiv”in, həmçinin gənclərlə təcrübəlilərin sintezindən qurulan “Telekom”un Çempionlar Liqasında oynadığını nəzərə alsaq, bu komandalar o qədər də zəif deyillər. Amma bu 3 klubda lider çatışmazlığı özünü aşkar göstərir.

 

Təbii ki, mükafatlar uğrunda da onların mübarizə aparacağı gözləniləndi. Hansının daha güclü olacağı isə mövsümün sonunda bilinəcək.

 

Bu “üçlüyə” ən ciddi rəqib CEV kubokunda da oynayan “Azəryol”du desək, yanılmarıq. Çünki komanda yenidən formalaşdığından onlar da Super Liqada ilk medallarını almağa çalışacaq və liderlərə həmişəki kimi başağrısı olacaq. Bununla yanaşı, “Azəryol”un “Dördlər finalı”na çıxacağı da proqnozlaşdırılır.

 

Digər 2 klub – Gənclər yığmamız və Gürcüstan “Tbilisi”nə gəlincə, burada əsasən gənclər çıxış edəcəklər. Onların çempionatda oynaması birbaşa təcrübə toplamağa və inkişafa hesablanıb.

 

Maraqlıdı ki, Super Liqa da məhz onların dueli ilə marafona qədəm qoyacaq. Bu görüşdə çempionatımızda müsabiqədən kənar oynayacaq gürcülər favorit sayılsa da, voleybolumuzun gələcəyinin də qələbə qazanması istisna edilmir. Qarşılaşmada qalib elan olunduqdan sonra isə çempionatın rəsmi açılış mərasimi baş tutacaq.

 

I turun ikinci matçında “Lokomotiv” “Telekom”u sınağa çəkəcək. “Dəmiryolçular” heyətinə görə rəqibindən üstündü. Amma “Telekom”un “sükanı arxası”nda Zoran Qayiç kimi təcrübəli mütəxəssisin yer alması “Lokomotiv”in işini çətinə salacaq. Hətta “rabitəçilər”in qələbəsi də istisna edilmir.

 

“Azərreyl” – “Azəryol” qarşılaşmasında da eyni vəziyyətdi. Əvvəllər “bacı” hesab olunan Bakı təmsilçilərinin bu dəfəki dueli heç də asan keçməyəcək. Çünki hər 2 tərəf startdaca öz gücünü sübut etməyə çalışacaq. “Dəmiryolçular” rəqiblərindən üstün görünsələr də, “yolçəkənlər”in də layiqli müqavimət göstərəcəyi inandırıcıdı.

 

Bir sözlə, nəinki ilk tur, çempionat belə sürprizlərlə zəngin olacaq.

 

 

I tur

6 noyabr

15:00. “Tbilisi” (Gürcüstan) – Gənclər yığması

“Azərreyl” İdman Bazası

 

Açılış mərasimi

 

17:30. “Lokomotiv” – “Telekom”

“Azərreyl” İdman Bazası

 

19:30. “Azərreyl” – “Azəryol”

“Azərreyl” İdman Bazası